11:30
Şəmkir rayonu ərazisində baş verən qəzada iştirak edən hər iki nəqliyyat vasitəsinin daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, 99-GO-705 dövlət qeydiyyat nişanlı “Mercedes-Bens” markalı “Sprinter” mikroavtobusu sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib.
Həmçinin, məlum olub ki, 20-DL-094 dövlət qeydiyyat nişanlı KAMAZ markalı yük nəqliyyat vasitəsinin də daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb:
“Nəqliyyat vasitələri qanunvericiliyin tələblərinə uyğun olaraq, reysqabağı texniki müayinə, sürücülər isə tibbi müayinədən keçməyib. Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.
Qeyd edək ki, avqustun 7-də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisində Bakıdan Qazaxa hərəkət edən sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.
***
11:15
07.08.2025-ci il tarixində saat 05:00 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən bildirilib ki, yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib.
1975-ci il şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970 (qadın) və 1995-ci il təvəllüdlü (kişi) şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü (kişi) şəxs öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb.
2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub.
Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.
***
10:12
Baş Dövlət Yol Polisi İdarəsi Şəmkirdə 7 nəfərin öldüyü ağır qəza ilə bağlı açıqlama yayıb.
Bu barədə BDYPİ-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə “Mercedes Sprinter” markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib.
Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
***
09:13
Şəmkirdə ağır qəzada ölənlərin adları məlum olub.
Ölənlərin 4-ü kişi, 3-ü qadındır:
– 1992-ci il təvəllüdlü Şadət Bayramov,
– 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva,
– 1977-ci il təvəllüdlü Aydın Pənahov,
– 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva,
– 2008-ci il təvəllüdlü Kənan Məmmədov,
– 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova,
– 1966-ci il təvəllüdlü Arif Bağırov.
Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi açılıb.
1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı avtomobil Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən “KAMaz” markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə sürücü və onun 6 sərnişini hadisə yerində dünyasını dəyişib. Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan bir nəfərinin vəziyyəti ağır digərləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
***
09:05
Şəmkir rayonunda 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub.
Yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var:
– M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini
– N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini
– K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini
– Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini
– B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı
Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb.
Qeyd edək ki, ölənlərin də bir neçəsinin Ağstafa rayon sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
***
08:37
Şəmkirdə ağır yol qəzası baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes-Benz Sprinter” sərnişin mikroavtobusu yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində 7 nəfər hadisə yerində həyatını itirib. İlkin məlumata görə, ölənlərin əksəriyyəti qadınlardır. Bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.