image-2000x150
image-2backend

Şəkidə ADA Universitetinin Dizayn və memarlıq fakültəsi açılacaq – FOTOLAR

image-728x90

Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, rektor Hafiz Paşayevin təşəbbüsü ilə Şəki şəhərində ADA Universitetinin Dizayn və memarlıq fakültəsinin açılması haqqında qərar qəbul edilib. Layihə İtaliyanın Politecnico Universiteti ilə birlikdə həyata keçirilir. Fakültə Şəki şəhərinin qədim hissəsində, Yuxarı Baş Dövlət qoruğu ərazisində yerləşən və 1920-ci ildən etibarən uşaq evi kimi fəaliyyət göstərmiş tarixi binada yerləşəcək. Bina sovet işğalından əvvəl Zülfüqarovlar ailəsinə məxsus olub. Binanın bərpa işləri Azərbaycan və İtaliya memarlarının birgə səyi ilə həyata keçiriləcək. Dizayn və memearlıq fakültəsi üçün məhz bu binanın seçilməsi heç də təsadüfi deyil. XX əsrin görkəmli maarifçilərindən biri, ədəbi tənqidçi, bolşevik repressiyasına məruz qalmış Firudun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım 1930-1953-cü illərdə məhz bu Uşaq Evində çalışıb və minlərlə kimsəsiz uşağa ana qayğısı göstərib.

Binanın həyətində yeni tədris fakültəsinin açılması ilə bağlı təqdimat mərasimi keçirilib. ADA Universiteti tərəfindən təşkil olunmuş təqdimat mərasimində Elm və Təhsil naziri Emin Əmrullayev, Mədəniyyət naziri Adil Kərimli, Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Bakı şəhərinin baş memarı Akif Abdullayev, MM üzvləri Cavanşir Feyziyev və Vüqar İsgəndərov, alimlər və ziyalılar iştirak ediblər. ADA Universitetinin rektoru, cənab Hafiz Paşayev, Universitetin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd, Elm və Təhsil naziri E. Əmrullayev, Mədəniyyət naziri Adil Kərimli, Şəki şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov, İtaliya Politecnico Universitetinin professorları və başqaları çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Natiqlər qeyd ediblər ki, ADA Universitetinin fakültəsinin Şəki şəhərində açılması şəhərin elmi- mədəni mühitinin canlanması üçün növbəti təkan olacaq.

Akif Salam

Əməkdar jurnalist

image-1 image-2 image-3 image-4 image-5

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90