image-rt-reklam
image-1680807596_sebine-xasayeva-6backend

Şəhidlərimiz həmişə ehtiramla anılacaq

image-728x90

Ərazi iddiasına görə başlayan ədalətsiz müharibədə Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal etmişdi. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni yerinə yetirməyən işğalçı Ermənistan regionda mövcud status-kvonu saxlamaq üçün sülh danışıqlarından yayınır, siyasi və hərbi havadarlarının dəstəyi ilə hərbi gücünü artırır, yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycan ərazilərinə müxtəlif miqyaslı hücumlar edir, təxribatlar törətmək istəyirdi. Azərbaycan Ordusunun hissələri bu hücumların, təxribatların qarşısını qətiyyətlə alırdı. Bəzən döyüşlərdə şəhidlər də olurdu.

Ermənilər Azərbaycanda mərhələlərlə məskunlaşdırılandan sonra yaranan (yaradılan!) milli qarşıdurmalar nəticəsində ötən əsrin əvvəllərində (1905-1907-ci illərdə), 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımlar törədilmişdi. O illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə azərbaycanlı soyqırımına məruz qalmışdı, yaşadıqları yerlərdən qovulmuşdu, onlara işgəncələr verilmişdi, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdi. 20-ci illərədə Qubada, eləcə də digər rayonlarda törədilən soyqırımlar bəşəriyyəti düşündürməli idi, dünyəvi siyasət bu qırğınlara görə Ermənistandan cavab tələb etməli idi. Cəzasızlığa görə işğalçı Ermənistan niyyətini davam etdirirdi. Ötən əsrin sonlarında ərazi iddiasına görə başlayan ədalətsiz müharibədə Ermənistan Bağanis Ayrım, Meşəli, Ağdaban, Qaradağlı, Başlıbel, Xocalı faciələrini törətdi. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu.
Son illər aşkar edilən kütləvi məzarlıqlar erməni xislətinin təsdiqi kimi tarixləşdi…
Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev siyasi-hüquqi qiymət verdi. Ulu Öndərin 1998-ci il martın 26-da  imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
2016-cı il aprel döyüşlərində məğlub olan Ermənistan Azərbaycana qarşı hərbi niyyətini davam etdirirdi.
1988-ci ildən 2020-ci ilə kimi Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qalmışdı. Vandalizm nəticəsində bunalar dağıdıldı, dünyəvi dəyərləri yüzlərlə nadir eksponatdan məhrum edildi.
Ermənistan silahlı birləşmələri Azərbaycanın ərazisində yeni ərazilər işğal etmək niyyəti ilə cəbhəboyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirmişdi, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutmuşdu. Nəticədə, hərbi qulluqçular da, dinc sakinlər də həlak olmuşdu.
2020-ci il sentyabrın 27-də də irimiqyaslı hərbi əməliyyat keçirmək istədi. Azərbaycan Ordusunun hissələri bu hücumun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın döyüş əmri ilə əks-hücum başladı. Bu əks-hücum İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu…
Azərbaycan Ordusu düşmənin illərlə yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini darmadağın edərək irəlilədi, ilkin qələbələr qazandı. Artilleriyanın, aviasiyanın dəstəyi ilə yaşayış məntəqələri düşmənin işğalından azad edilirdi. Azərbaycan Ordusu qəhrəmanlıqla döyüşürdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində dedi: “Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
Azərbaycan Ordusu noyabrın 8-də Şuşanı işğaldam azad etdi. Bu, Zəfər günü oldu. Noyabrın 10-da üçtərəfli Bəyanatla İkinci Qarabağ müharibəsi başa çatdı. Bu sənəd Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu… Sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinin ilk mərhələsində ordumuz 5 şəhəri, 4 qəsəbəni, 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhərini, rayonun 90 kəndini, Füzuli şəhərini, rayonun 53 kəndini,  Zəngilan şəhərini, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndini, Xocavənd rayonunun  Hadrut qəsəbəsini və 35 kəndini, Tərtər rayonunun  3 kəndini, Qubadlı şəhərini və rayonun 41 kəndini, Xocalı rayonunun 9 kəndini, Şuşa şəhərini, Laçın rayonunun 3 kəndini, Ağdərə, Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklikləri, Zəngilanda Bartaz, Sığırt, Şükürataz yüksəklərini və daha 5 adsız yüksəklik azad etdi.
Məğlubiyyəti ilə barışmaq istəməyən Ermənistan üçtərəfli Bəyanatın şərtlərinə əməl etmədiyinə görə 2022-ci ilin sentyabr döyüşləri  İkinci Qarabağ müharibəsinin məntiqi davamı oldu. 2023-ci il sentyabrın 20-də başlayan döyüşlərlə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində döyüşlərdə şəhid olanlarımıza böyük ehtiramın ifadəsidir. Bu gün tariximizin, dövlətçiliyimizin tarixi günüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün haqqında demişdi: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”

Səbinə XASAYEVA

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90