Tofiq Zülfüqarov: “Rusiya dövlətində səfirimizin kim olması vacib məsələdir”
Xəbər verildiyi kimi, VII çağırış Milli Məclisin sentyabrın 23-də keçirilən ilk plenar iclasında komitələrə sədr seçkiləri də keçirilib. İclasda Polad Bülbüloğlu Mədəniyyət komitəsinin sədri seçilib.
Məlumdur ki, P.Bülbüloğlu bundan əvvəl Azərbaycanın Rusiyadakı səfiri idi. Yeni vəzifə tutmaqla onun səfir səlahiyyətləri bitmiş sayılır. Artıq Prezident İlham Əliyev Polad Bülbüloğlunun Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.
Bəs Rusiyadakı səfir postumuz daha nə qədər boş qala bilər? Səfir vəzifəsinə təyin olunmaq üçün əsas tələblər nə olmalıdır?
Keçmiş diplomat Fikrət Sadıqov deyir ki, diplomatiya praktikasında yeni səfir təyin etməklə bağlı hər hansı vaxt qoyulmur. Bu hər zaman ola bilər: “Onu da nəzərə alaq ki, Konstitusiya Məhkəməsi deputatların seçilməsini yenicə təsdiq edib. Bundan o qədər də böyük müddət keçməyib. Digər tərəfdən, Rusiya kimi dövlətdə Azərbaycanı təmsil edən səfir əlbəttə ki, hərtərəfli hazırlıqlı olmalıdır. O şəxsin Rusiyanın ictimai-siyasi, humanitar dairələri ilə təmasının olması vacibdir.
Düşünürəm ki, ictimai-siyasi xadim, yaxud XİN-in işçisi və ya hansısa bir ölkədə fəaliyyət göstərən səfirimiz geri çağırılıb Rusiyaya göndəriləcək. Burada bir məqamı unutmaq olmaz. Rusiya hər adamı səfir kimi qəbul etməyə də bilər. Ona görə də elə şəxs olmalıdır ki, Rusiya ona razılıq versin. Hesab edirəm ki, dövlət başçısı yaxın günlərdə öz sərəncamını imzalayacaq və Moskvaya səfir təyin olunacaq”.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, bu vəzifəyə şəxslər tam şəkildə prezidentin nəzarəti və qərarı əsasında təyin oluna bilər: “Rusiya dövlətində səfirimizin kim olması vacib məsələdir. İndiki mərhələdə kimin təyin olunacağını demək çətindir. İndi Xarici İşlər Nazirliyində və digər qurumlarda çalışan diplomatların fəaliyyəti ilə tanış deyiləm. Səfir göndərmək qərarına gəlmiş hökumət bundan öncə qəbul edən tərəfdən razılıq (aqreman) alır. Aqreman məxfi şəkildə alınmalıdır. Təsdiq alınandan sonra həmin namizədin rəsmi olaraq sərəncamı verilir. Bəlkə də bu məsələ icradadır. Düşünmürəm ki, Rusiyada səfir postu uzun müddət boş qalsın”. Musavat.com