Seçki yarışından geri çəkilən ABŞ prezidenti Co Bayden Donald Trampa rəqib olaraq Kamala Harrisin namizədliyini irəli sürüb. Baydenin bu qərarından sonra Harrisin həyatı maraq mövzusuna çevrilib.
Ulusal.az xarici KİV-ə istinadən xəbər verir ki, hüquqşünas olan Harris noyabrın 5-də keçiriləcək seçkidə qalib gələrsə, ABŞ-nin ilk qadın və asiyalı prezidenti olacaq.
Bəs ilklərin siyasətçisi adlandırılan Kamala Harris kimdir?
Kamala Harris 1964-cü ildə Kaliforniyanın Oklend şəhərində yüksək təhsilli mühacir ailəsində dünyaya göz açıb. Harrisin anası Hindistanda, atası isə Yamaykada anadan olub. Cütlük Harris hələ uşaq ikən boşandıqdan sonra Kamala daha çox anası, xərçəng tədqiqatçısı və vətəndaş cəmiyyəti müdafiəçisi Şyamala Qopalan Harris tərəfindən böyüdülüb.
Anasının onu və bacısı Mayanı Oklenddəki qaradərili icmalara inteqrasiya etməyə çalışdığını ifadə edən Harris “The Truths We Hold” adlı avtobioqrafik kitabında belə deyir: “Anam iki qaradərili qız böyütdüyünü bilirdi. O, böyütməkdə qərarlı idi. Biz özümüzə güvənən və qürurlu qara qadınlar olaraq buradayıq”.
Həmin kitabda Kamala Harris deyir ki, anası Qopalan ona və bacısı Mayaya hər zaman bu sözü deyərmiş: “Oturub bir şeylərdən şikayətlənməyin. Bir şey edin!”.
Kamala Harris həyatı boyu anasının bu nəsihətinə əməl edib. Anası Kanadada iş tapdıqdan sonra Harris Oklenddən Monreala gedib və bu ölkədə orta məktəbə başlayıb. Daha sonra ABŞ-yə qayıdan Harris Amerika tarixinin ən qaradərili məktəblərindən biri olan Hovard Universitetində oxuyub. Siyasi elm və iqtisadiyyat təhsili aldığı Hovard Universitetində Cənubi Afrikada irqçilik və ABŞ-də irq münasibətləri kimi siyasi məsələlərlə maraqlanmağa başlayıb.
Sonra San-Fransiskoda Kaliforniya Universitetində hüquq təhsili alıb və hüquqşünas olub. 1990-cı ildə prokuror kimi fəaliyyətə başlayan Harris iti zəkası və mübarizliyi ilə tez bir zamanda peşəkar dairəsində məşhurlaşıb. Harris 2003-cü ildə San-Fransiskonun ilk qadın əyalət vəkili olub; 2010-cu ildə altı rəqibini məğlub edərək 32-ci Kaliforniya Ştat Baş prokuroru seçilib. ABŞ-də “Baş prokuror” adlanan bu vəzifə baş prokuror və ədliyyə nazirinin vəzifələrini birləşdirən vəzifədir. 2011-ci il yanvarın 3-də vəzifəyə başlayan Harris bu vəzifəni tutan ilk qadın olmaqla yanaşı, Hindistan və Afrika əsilli ilk şəxs olub.
Kamala Harris müdafiə etdiyi fikirlərə görə həmişə mübahisəli ad olub. O, bir tərəfdən edam cəzasına qarşı olarkən, digər tərəfdən uşaqları dəfələrlə dərsdən yayındıran ailələrin həbs cəzası ilə cəzalandırılmasını nəzərdə tutan hüquqi tənzimləməni dəstəkləməklə partiyasındakı solçulara qarşı çıxıb. 2015-ci ildə o, Senata namizəd olub. Harris 2017-ci ildə Senata seçilib, tarixdə ikinci qaradərili şəxs olub.
Bayden Harrisi “ağıllı, sərt, təcrübəli döyüşçü” adlandırıb. İkili 2020-ci il seçkilərində Donald Tramp və onun namizədi Mayk Pensi məğlub edib. 20 yanvar 2021-ci ildə, Tramp tərəfdarlarının Konqresə hücumundan cəmi iki həftə sonra and içiblər.
Harris 2014-cü ildən yəhudi əsilli vəkil Duqlas Emhoffla evlidir. Emhoffun əvvəlki evliliyindən iki övladı var, Harrisin isə övladı yoxdur.unikal.az