image-2000x150
image-1backend

Seçki debatları- Cavanşir Feyziyev yazır

image-728x90

Seçki marafonunun təbliğat mərhələsi başlayıb. İqtidar partiyasının namizədi İlham Əliyevi təmsil edən vəkillərin təmkinli çıxışları onların özünə inamından xəbər verir. Bunun üçün onların kifayət qədər əsasları da var. Sadəcə 2003-cü ilin yekunları üzrə ölkənin statistik göstəricilərini bu günkü rəqəmlərlə müqayisə etdikdə İlham Əliyev hakimiyyətinin Azərbaycan tarixində ən böyük uğurlara imza atdığını görmək heç də çətin deyil. Başlıcası isə odur ki, son 20 il ərzində keçirilmiş seçkilərin hər birində İlham Əliyev geniş və bir-birindən iddialı proqramlarla xalqa müraciət edib. Hər bir prezidentlik dövründə isə seçki öncəsi bəyan etdiyi proqramları artıqlaması ilə yerinə yetirib.

2003-cü ildən 2008-ci ilədək olan dövrdə verilən vədə uyğun olaraq qaçqın düşərgələrinin ləğvi və 600 mindən çox iş yerlərinin yaradılması, 2008-2013 -cü illərdə güclü iqtisadi inkişafa nail olunması, 2013-2018-ci illərdə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı hərtərəfli islahatların aparılması və nəhayət, 2018-2023-cü illərdə 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad olunması uğurlar baxımından Azərbaycan tarixinin qızıl dövrü olub. Hər müddətin nəticəsi ilə bağlı qeyd etdiyim cəmi bir cümlənin arxasında nə qədər böyük işlər görüldüyünü, siyasi hakimiyyətin daxildə və xaricdə hansı təzyiqlərlə üzləşdiyini, hansı böyük maneələrin dəf edildiyini təsvir və təsəvvür etmək isə olduqca çətindir. Amma bütün bunlar bu gün seçkilərə hazırlaşan xalqa məlum həqiqətlərdir. İlham Əliyev hakimiyyəti bütün bu uğurlara xalqın dəstəyi və həmrəyliyi ilə xalqla birlikdə imza atıb. Keçən ilin 20 sentyabr tarixində Azərbaycanın bütün ərazisi üzərində suverenliyini tam bərpa etməsi ilə ölkəmizin həyatında yeni bir dövr başlayır. Yeni dövr üçün yeni hədəflər və yeni inkişaf istiqamətləri müəyyənləşdirilməlidir. Buna görə də növbədənkənar seçkilər təyin olunub. Prezidentliyə namizəd İlham Əliyev növbəti dəfə xalqa müraciət edib onun dəstəyini istəyir. Xalq bu dəstəyi məmnuniyyətlə verəcək, buna heç kimin şübhəsi belə yoxdur.

Seçkiyə qatılmış müxalif partiya təmsilçiləri və müstəqil namizədlər fəal siyasətlə məşğul olan şəxslər kimi ölkə həyatının ən vacib siyasi hadisəsi olan prezident seçkilərində öz mövqeyini nümayiş etdirmək üçün açılan yeni bir imkandan da səmərəli şəkildə faydalanmağa çalışırlar. Şübhə yoxdur ki, Qarabağı azad etmiş və Azərbaycanı bütün dünyaya qalib ölkə kimi tanıtmış İlham Əliyev amilini nəzərə almaqla mövcud siyasi güc balansında öz mövqelərini yaxşı bilirlər. Diqqət çəkən məqam ondan ibarətdir ki, seçki öncəsi debatlarda da müxalifət partiyalarının namizədləri İlham Əliyev hakimiyyəti tərəfindən aparılmış beynəlxalq siyasət haqqında, ölkənin hərbi qüdrətinin təmin olunması sahəsində danışmağa meylli görünmürlər. Bu da təbiidir. İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan müstəqil bir dövlət kimi ən uğurlu şəkildə dünya siyasi sisteminə inteqrasiya olunub və bütün maneələrə baxmayaraq işğal olunmuş torpaqlarını azad edib, İlham Əliyevin müdrik siyasəti nəticəsində öz tarixinin ən böyük zəfərini qazanıb. Müxalifət namizədləri anlayırlar ki, bu mövzuda İlham Əliyev Prezidentliyə namizəd kimi rəqabətdən kənardır, yəni heç bir namizəd bu siyasətin daha yaxşı həyata keçirilə bilməsini iddia edə bilməz. Ona görə də digər namizədlər əsasən, iqtisadi və sosial siyasətdə öz yanaşmalarını təqdim etməyə daha çox meylli görünürlər. Lakin seçki debatları yeni başlayıb. Seçkilərin keçiriləcəyi tarixə qədər bütün namizədlər ölkənin gələcəyi ilə bağlı öz düşüncə və baxışlarını tam şəkildə ölkə ictimaiyyətinə təqdim edəcəklər.

Seçicilər isə 7 fevral tarixində Azərbaycanın ən uğurlu gələcəyinə səs verəcək və İlham Əliyevi növbəti müddət üçün prezident seçəcəklər.

Cavansir Feyziyev

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90