image-rt-reklam
image-1backend

SEÇİCİLƏR ADINDAN ÖZÜNƏ TƏŞƏKKÜRNAMƏ YAZAN DEPUTAT – Cavanşir Paşazadə “facebook”-da özünü necə ”reklam edir”?

image-728x90
Milli Məclisin bir çox üzvlərinin intellektual səviyyəsinin, biliklərinin, eləcə də müasir texniki vasitələrdən, texnologiyalardan, sosial şəbəkələrdən və s. anlayışının 10 ballıq şkala üzrə 2-3 arasında dəyişdiyi heç kimə sirr deyil. Əvəzində, özlərini, gördükləri işi(əgər görürlərsə) şişirtməkdə, əhaliyə, seçicilərə saxta canıyananlıqda həmin şkala üzrə 10-un da üzərindədirlər…

Məsələn, deputat Cavanşir Paşazadənin “facebook” səhifəsinə nəzər salsanız, maraqlı mənzərə ilə rastlaşarsınız. Səhifədən belə anlaşılır ki, bu deputat paylaşdığı statusların mahiyyətini, təyinatını, kimdən kimlərə ünvanlandığını tam anlaya bilmir. Belə ki, öz adından etdiyi paylaşımda sanki üçüncü şəxsin adından çıxış edir.

Paşazadənin son paylaşımında deyilir: “Deputat Cavanşir Paşazadə seçiciləri növbəti görüşünü keçirib”.

Elə bu cümlənin özünün “erməni-budaq cümləsi” olduğunu bir kənara qoyub, ardına baxaq.

Deputat yazır: “Millət vəkili Lənkəran rayonunun Tükəvilə, Zövlə, Separadi kənd sakinləri ilə görüşüb. Deputat görüşdə seçicilərin çoxsaylı müraciətlərini dinləyib, onların qaldırdığı problemlərlə yaxından tanış olub və operativ həll istiqamətində öz tapşırıqlarını verib. Görüşdə, həmçinin seçiciləri maraqlandıran suallar da cavablandırılıb. Sonda seçicilər göstərdiyi diqqət və qayğıya görə deputat Cavanşir Paşazadəyə təşəkkür ediblər”.

“Operativ həll istiqamətində öz tapşırıqlarını verib” deyərkən, nəyin, kimin nəzərdə tutulduğunu anlamaq çətindir. Deputatın hansı səlahiyyətləri var ki, kiməsə tapşırıq və göstəriş versin?

Digər yandan, deputat faktiki olaraq, seçicilərin adından özü özünə təşəkkürnamə yazıb. Təbii ki, bu mətni yazan Paşazadənin özü deyil, hansısa köməkçisi, yaxud “sürücüsüdür”. Çünki Cavanşir Paşazadə böyük ehtimalla artıq bir neçə il əvvəl “Facebook”-da şəxsən özü paylaşım etməyi tərgidib. Belə ki, həmin vaxt Paşazadə hesabındakı paylaşımında kobud, biabırçı orfoqrafik səhvlərə yol vermişdi.

Deputat paylaşımlarının birində “Millət vəkili” sözünü “Millət Vəkili”, “müraciətlərin” sözünü “müraciyyətlərin”, “torpaqlarımızın” əvəzinə “torpağlarımızın” kimi qeyd etmişdi. Bu səhvləri ilə deputat ümumiyyətlə, Azərbaycan dilinin ən bəsit orfoqrafik normalarından belə xəbərsiz olduğunu nümayiş etdirmişdi.

 

Deputat cəmi bir cümlədən ibarət olan paylaşımında “prezident” sözünü “prizident”, “tərəfindən” əvəzinə “tərəfinnən”, “müşahidəçi” sözünü “muşahidəçi”, “Azərbaycan” sözünü “Azarbaycan” olaraq qeyd etmişdi. Əsl C.Paşazadə əlbəttə ki, bu idi. Yuxarıda qeyd etdiyimiz son paylaşımı isə hansısa köməkçisi edib.

Ancaq görünür, həmin adam da Paşazadənin özü kimi başa düşmür ki, öz səhifəsində paylaşım edən şəxs ya öz adından çıxış edir, ya da özü ilə bağlı hansısa məlumatı dərc edərkən, onun müəllifinə istinad edir. Yəni, bu məlumat hansısa qəzetdə, saytda, hansısa seçicinin səhifəsində gedibsə, bunu “seçicilər Paşazadəyə minnətdarlıq edib” kimi vermək olar. Əks halda, bu, deputatın öz adından özünü təşəkkür etməsidir. Elə reallıqda da belədir. Özü barəsində tərif, təşəkkür həsrətində olan deputat, görünür bunu başqaları etmədiyindən, özü-özünü tərifləmək və özünə minnətdarlıq etmək qərarına gəlib. Ancaq bu “reklam” da Paşazadənin millət vəkilliyi fəaliyyəti kimi yöndəmsiz və saxta alınıb…

 

Yəqin ki, öz səhifəsində bu cür savadsız paylaşım edən deputatlar az deyil. Belələrinə yalnız onu tövsiyə etmək olar ki, öz savadsızlıqlarını gizlətmək üçün seçicilərlə görüş barədə bu cür paylaşımları öz adlarından yox, üçüncü şəxsin adından, ya da görüş barədə məlumat paylaşan digər mənbələrə istinadla etsinlər…“AzPolitika.info”  

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90