2024-cü il martın 12-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Yasamal rayonun icra hakimiyyəti başçısının 4 saylı sahə inzibatı ərazi dairəsində bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.
Qəbula gələnlər müxtəlif məsələlərlə əlaqədar müraciət ediblər. Onlar Yeni Yasamal yaşayış massivində ( Dadaş Bünyadzadə, Məhəmməd Xiyabani, Əsəd Əhmədov və digər küçələrdə) səki olmayan hissələrdə səkinin qurulmasına,çirkab suların axıdılması üçün kanalizasiya sisteminin yenidən qurulmasına və bərpa edilməsinə, Yeni Yasamal parkında vətəndaşların yağışlı-çiskinli və qarlı vaxtlarda təhlükəsizliyinin təmin edilməsi üçün parkın girişinə döşənmiş mərmər örtüyü sürüşkən olduğuna görə dəyişdirilməsinə, Xarici Dairəvi yolu 22 ünvanda və Əsəd Əhmədov küçəsi istiqamətində olan yolda təhlükəsizlik dirəklərinin(tumbaların) quraşdırılmasına, sözügedən ünvanda piyadaların rahat və fasiləsiz hərəkət etmələri üçün yaradılmış süni manelərin avtomobil tərəfindən zədələnməsi və qanunsuz olaraq park edilməsi səbəbindən sürücünün məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirin görülməsinə, orada təhlükəsizlik kamerasının quraşdırılmasına, vətəndaşların hüquqlarının qorunmasında qanunlara ciddi əməl edilməsinə, əhalinin sosial təminatının yaxşılaşdırılmasına və digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət
vəkili Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb.
Qəbulda Yasamal rayonun icra hakimiyyəti başçısının 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərhrad Hacıyev və Yasamal rayonun icra hakimiyyəti başçısının 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Hüseyn Abdullayev iştirak ediblər.