Dekabrın 24-də AMEA-nın Humanitar Elmlər Bölməsi və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas, mətnşünas və biblioqraf alim Salman Mümtazın anadan olmasının 140 illiyinə həsr edilmiş respublika elmi konfransı keçirilib.
Tədbirdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli bildirib ki, Azərbaycan ədəbiyyatının, klassik irsinin tədqiqində və tanıdılmasında böyük xidmətləri olan Salman Mümtazın 140 illiyi münasibətilə bir çox qurumlarda, elmi müəssisələrdə tədbirlər, konfranslar keçirilib. Ədəbiyyatşünaslıq və folklorşünaslıq sahəsində apardığı əsaslı tədqiqatlarla, Azərbaycan mədəni irsinin qorunub saxlanılması və tanıdılmasında gördüyü işlərlə Salman Mümtaz həmişə xatırlanacaq, onun zəngin irsi həmişə aktual qalacaq.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək Salman Mümtazın milli ədəbiyyatımızın tanınmasında göstərdiyi xidmətlərdən danışıb. Bildirib ki, Salman Mümtaz ömrünü folklor mətnlərinin, aşıq poeziyası nümunələrinin və klassik ədəbiyyatımızın nümayəndələrinin əlyazmalarının toplanması, şərhi və nəşrə hazırlanmasına sərf edib. Akademik vurğulayıb ki, Salman Mümtaz elə müstəsna şəxsiyyətdir ki, gərək həmişə təxəllüsü adından əvvəl çəkilə, çünki onun şəxsiyyətinə də, bütün fəaliyyətinə də mümtazlıq xasdır.
Salman Mümtazın Əlyazmalar İnstitutundakı arxivini hələ 1970-ci illərin ortalarında, tələbəlik dövründə araşdırdığını qeyd edən alim bildirib ki, Azərbaycanın repressiyaya məruz qalan digər şair və yazıçıları kimi, Salman Mümtazın da xatirəsi hər zaman dövlətimiz və xalqımız tərəfindən əziz tutulur. Bu fədakar şəxsiyyətin Azərbaycan ədəbiyyatının klassiklərinin zəngin irsinin gələcək nəsillərə çatdırılması naminə gördüyü işlər, Azərbaycan mətnşünaslığı sahəsində göstərdiyi müstəsna xidmətlər heç vaxt unudulmayacaq, xalqımız onu qəlbində və düşüncəsində yaşadacaq.
Milli ədəbiyyatımızın və mədəniyyətimizin fədakar təəssübkeşi Salman Mümtazın 140 il öncə dünyaya göz açdığı, Şəki şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsi/ 85 ünvanında yerləşən evə – xatirə muzeyinə dövlət başçımızın “Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı” müfaviq sərəncamı ilə xüsusi qayğı göstərildiyini vurğulayan millət vəkili Cavanşir Feyziyev bu böyük alimin cəfakeşliyi sayəsində ərsəyə gələn “Unudulmuş yarpaqlar”, “250 şair” kitablarıyla neçə-neçə imzanın “unudulmaqdan nicat bulduğunu” diqqətə çatdırmışdır.
Hələ 100 il bundan öncə qələmə aldığı əsərlərdə: “Mən üfüqlərdən doğmaqda olan yeni, qüdrətli türk dünyasını, ana Turanı görürəm. Turan bütün türk qövmlərini öz bayrağı altında toplaya bilən qüdrətli və ədalətli bir dövlət olacaq. Bu dövlət dünya xalqlarına əbədi sülh və səadət gətirəcək, dünyanın hər yerində haqq və ədaləti müdafiə edəcək, zülmə qarşı mübarizə aparacaq…” deməsiylə, Salman Mümtaz Türk xalqlarının, dövlətlərinin və mədəniyyətlərinin işıqlı gələcəyinə böyük inamını ifadə etmişdir.
Ədibin 1926-cı ildə Birinci Türkoloji Qurultayda Əli bəy Hüseynzadə, Mehmet Fuad Köprülüzadə, Əziz Qubaydullin kimi türk məfkurəli ziyalılarla görüşünü, qurultayda məhz nəşrə hazırladığı “Nəsimi” kitabını təqdim etməsini və milli mündəricəli çıxışını xatırladan millət vəkili 37-ci ilin repressiya burulğanının elə bu səbəblərdən dolayı Azərbaycan elmi ədəbiyyatşünaslığının mümtaz şəxsiyyətlərindən olan Salman Mümtazdan da yan keçmədiyini təəssüflə qeyd etmişdir.
Daha sonra “Mümtaz alim, “Şəki savları” və Kaşğari “Divan”ı”, “Salman Mümtaz arxivində folklor nümunələri”, “Salman Mümtazın xalq ədəbiyyatı sevgisi”, “Ədəbiyyatşünaslıq elmi tariximizin Salman Mümtaz dönəmi: xalq yaradıcılığı xəzinəmizdən qaynaqlanan Salman Mümtaz tədqiqatları”, “Salman Mümtazın gizli imzaları”, “Salman Mümtaz tədqiqatlarında qarabağlı “El şairləri” və “Salman Mümtazın folklorşünaslıq fəaliyyəti” mövzularında məruzələr dinlənilib.
Tədbirin sonunda Salman Mümtazın nəvəsi şərqşünas alim Urxun Qalabəyli konfransı təşkil edən, çıxış edən bütün ziyalılara təşəkkürünü bildirib.