Ermənistanın müxalifyönümlü nəşrlərindən olan “Hraparak”, sentyabrın 21-də Azərbaycan mərkəzi hakimiyyətinin nümayəndələri ilə Qarabağın azsaylı sakinlərinin təmsilçiləri arasında Yevlax şəhərində baş tutan görüşün bir sıra detallarını açıqlayıb.
“Hraparak” Yevlaxda keçirilən görüşdə Azərbaycan mərkəzi hakimiyyətinin nümayəndələrinin əsas prioritet tələbini açıqlayıb.
Nəşr qeyd edib ki, Azərbaycan tərəfi təkidlə Xankəndidəki bütün “dövlət strukturları” və “qurumlar”ın ləğvi ilə bağlı elan verilməli olduğunu bildirib. Həmçinin erməni təmsilçilərin diqqətinə çatdırılıb ki, bütün “qurum”ların yerləşdiyi binalardan Azərbaycan bayrağı asılmalı, bundan sonra isə inteqrasiya prosesi başlamalıdır.
Erməni nəşri onu da qeyd edib ki, sözügedən görüşdən sonra qondarma rejimin “lideri” Samvel Şahramanyan Şuşada Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevlə görüşüb və ondan xahiş edib ki, Xankəndiyə giriş bir qədər gecikdirilsin.
O, fikirlərini belə əsaslandırıb ki, hazırda şəhərdə insanlar arasında panika hökm sürür və belə bir məqamda Azərbaycan bayraqlarının orada olması vəziyyəti çətinləşdirə bilər. Şahramanayan söz verib ki, “rejim”in bütün “struktur”larının buraxılmasını şəxsən özü elan edəcək.“AzPolitika.info”





















