23 avqust tarixi mərhum aktyor, Xalq artisti Şahmar Ələkbərovun doğum günüdür. 20 illik yaradıcılığı dövründə müxtəlif rollarla tamaşaçıların yaddaşında silinməz iz qoyan Şahmar Ələkbərov daim xoş xatirələrlə yad olunur.
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova da həyatdan erkən getmiş Şahmar Ələkbərovla bağlı xatirələrini bölüşüb. O, mərhum sənətkarla qohum olduğunu bildirib.
Modern.az saytı Məlahət Abbasovanın Şahmar Ələkbərovla bağlı xatisəini təqdim edir:
“Şahmar müəllimin atası Zülfüqar dayı mənim nənəmlə doğma bibioğlu-dayıqızı olublar. Nənəm və Şahmar müəllimin anası İzulət xala rəhmətə gedənə qədər həmişə görüşürdülər. Yadımdadır ki, hər həftəsonu nənəmgil onlara gedirdilər. Xeyirdə-şərdə həmişə bir-birilərinə dayaq olublar.
Yadımdadır, nənəmgilin Şahmar müəllimin qardaşları Müzəffər, Qəzənfər, Arif, Fikrət, Əkrəm dayı ilə hər zaman münasibətləri vardı. Mən isə ən çox Əkrəm dayını sevərdim. Demək olar ki, hər həftə bizə gələrdi.
Şahmar müəllimlə mən “Sən həmişə mənimləsən” tamaşasından sonra intistutun dəhlizində qarşılaşarkən tanış olmuşdum. Bir gecədə tamaşamız böyük “partlayış” etmişdi. Hamı məni tanımağa başlamışdı. Şahmar müəllimlə də qarşılaşanda üzümə baxıb gülümsədi və yanıma gəldi. Salamlaşdıq. Mən ona ”bilirsiniz, Şahmar müəllim, biz qohumuq” dedim. O da maraqlı baxışlarla “necə qohumuq? Kimlərdənsiniz?”,-deyə soruşdu. Mən “Səlfinaz nənənin nəvəsiyəm” dedim. O da gülərək “mən də deyirəm axı bu istedad hardan gəlir“ söylədi. Bir az söhbət edib ayrıldıq…
Sonralar məni özünün çəkdiyi 2 filmə dəvət etdi. “İmtahan“ filmində balaca bir rol verdi.
Digər filmdə isə baş rolu təklif etdi. Amma o filmdə təcavüz səhnəsi olduğuna görə qəbul edə bilmədim.
Hər dəfə kinostudiyaya yolum düşəndə otağına gedirdim. Gözəl söhbətlərimiz olurdu. Sonra mən Türkiyəyə köçdüm. Onun rəhmətə getdiyini eşidəndə elə bil dünya başıma yıxıldı. Sənətə gəlməmin əsas səbəbi ona uşaqlıqdan olan heyranlığım idi.
Allah rəhmət eləsin. Həmişə qəlbimdədir”.
Şahmar Ələkbərov 1992-ci il avqustun 12-də vəfat edib.