image-2000x150
image-image_750x_63f507d626b6cbackend

Şah oğlu niyə birdən-birə üzünü Güney Azərbaycana çevirdi – Maraq və müəmma

image-728x90

İranda baş verən proseslər yeni məcraya yönəlir, yoxsa alt qatda daha dərin məqamlar gizlənib?

İranın şah sülaləsinin sonuncu varisi birdən “ayıldı”. Bildirdi ki, “İran rejimi beynəlxalq qanunlara məhəl qoymur”.

“Azərbaycanın Tehrandakı səfirliyinə hücum beynəlxalq hüququn pozulmasıdır”, – deyə İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan danışarkən qeyd edib.

O, həmçinin İrandakı mövcud siyasi vəziyyəti şərh etmək qərarına gəlib: “Əslində bu, inqilabdır, bu proses dünyanın bütün azadlıqsevər insanları tərəfindən alqışlanır və dəstəklənir. Azərbaycan səfirliyinə hücuma gəlincə, burada İran rejimi beynəlxalq qanunlara əhəmiyyət verməyərək onlardan üz döndərib. Başqa sözlə, bu hücumu xarakterizə etmək mümkün deyil”.

Rza Pəhləvinin fikrincə, gedən proseslər İranı azad ölkəyə çevirə bilər: “İran ərazisində yaşayan hər bir insan Güney Azərbaycan sakinlərinə hörmətlə yanaşmalıdır”.

Burada təbii ki, “varis”ə haqlı suallar da var. Xaricdəki “dostumuz” niyə birdən oyandı? Nədən Güney azərbaycanlılarını yadına salıb, onların da insan hüquqlarının olmasından danışmağa başladı? Məlumdur ki, İranın erkən orta əsrlərə qədərki bütün əvvəlki şah sülalələri müstəsna olaraq Azərbaycan mənşəli insanlardan (ailə, qəbilə, nəsil) ibarət olub. Uzun əsrlərdən sonra ilk farslar – Pəhləvilər hakimiyyətə yalnız XX əsrin 20-ci illərində gəldilər. Və həmin əsrdə onların hakimiyyəti “uğurla” başa çatdı.

Belə bir tarixi fonda son şahların İran azərbaycanlılarına hədsiz sevgi bəsləməsindən şübhələnmək çətindir.

Maraqlıdır ki, ortada və perspektivdə nə var? “Teokratik respublika”nın sonunun yaxınlaşması əlaməti? Pəhləvilər İran əhalisinin ən böyük tərkib hissələrindən olan etnik azərbaycanlıların dəstəyini əvvəlcədən almağa çalışırlar? Yoxsa burada başqa məntiq yatır?

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Ukrayna Gələcək İnstitutunun analitiki, Yaxın Şərq regionu üzrə ekspert İliya Kusa:

“Burada iki məqam var. Əlbəttə, müxtəlif siyasi mühacir müxalifət qruplarının, o cümlədən etnik azərbaycanlıların da dəstəyini almaq zərurəti ilə bağlı məqam var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan özü bu yaxınlarda İlham Əliyevin birbaşa bəyan etdiyi kimi, indiki İran hakimiyyətinin siyasətinə qarşıdır.

İkincisi, təbii ki, Pəhləvi ailəsinin son nümayəndələrinin milli və dini azlıqların üstünlük təşkil etdiyi periferik bölgələrə arxalanaraq İran daxilində vəziyyəti sarsıtmağa davam etmək üçün dəstək almaq motivasiyası var. Çünki hamı başa düşür ki, bu, İslam Respublikasının zəif nöqtəsidir, ona təzyiq edilə bilər. Məncə, belə bir siyasətin formalaşmasında məhz bu iki məqam əsas rol oynayır.

Mən bu səylərə şübhə ilə yanaşıram, çünki ümumiyyətlə, Pəhləvi ailəsi və xüsusən də sonuncu şahın fiquru çox qeyri-müəyyəndir. Mən deyə bilmərəm ki, onların İranın özündə də yüksək dəstəyi var. Pəhləvi ilə etnik azərbaycanlılar arasında çox yaxın münasibətlərin olduğunu söyləmək mümkün deyil. Təkcə ifadələrlə mahiyyətcə heç nə etmək mümkün deyil.

Ona görə də hesab edirəm ki, bu, sadəcə olaraq, müəyyən bonuslar, dəstəklər əldə etmək, xarici müxalifətin əsas liderlərindən biri kimi özünü legitimləşdirmək məqsədi daşıyan siyasi oyundur. Çünki Pəhləvinin əsas problemi onun İran daxilində kifayət qədər legitimliyə malik olmamasıdır. Yəni onun arxasınca getməyə həqiqətən hazır olan kifayət qədər adam yoxdur. Bir çox insanlarda hələ də tam fiasko ilə başa çatan 60-70-ci illərdə Şah sülaləsinin hakimiyyətinin neqativ qalığı var”.

Ukraynalı analitik, Qafqaz, İslam dünyası və Yaxın Şərq üzrə araşdırmaçı, Şərq Tərəfdaşlığı İnstitutunun (Qüds) sədri Avraam Şmuleviç:

“Demək olmaz ki, Kir Rza Pəhləvi (tam adı belədir) indi oyanıb. Son İran şahının böyük oğlu 1960-cı ildə anadan olub, yəni İslam inqilabı zamanı onun 19 yaşı var idi və atasının ölümündən sonra mühacirətdə olan İranın imperator evinin başçısıdır. O, bu keyfiyyətdə bir çox ölkələr tərəfindən tanınır və xaricdə İran müxalifətinin tanınmış lideridir, iranlı mühacirlər arasında çox populyardır, mühacirətdə olan İran hökumətinə, bir neçə təşkilatın daxil olduğu Milli Şuraya rəhbərlik edir. Onların İran daxilində nümayişlər zamanı özünü göstərən tərəfdarları var.

Xomeyni rejiminə qarşı hərbi fəaliyyət göstərən gizli təşkilat da var. Düzdür, İran xüsusi xidmət orqanları tərəfindən praktiki olaraq məğlub edildi, bu monarxist silahlı müxalifətin bir neçə lideri ya öldürüldü, ya da qaçırıldı. İstənilən halda, varisin arxasında kifayət qədər çox qüvvə dayanır və məhz o, İranın nümayəndəsi kimi sonuncu Münhen Təhlükəsizlik Konfransına dəvət olunub.

Beləliklə, Rza Pəhləvi daim beynəlxalq arenada çıxış edir. Onun ofisi, işçi aparatı var, beynəlxalq səviyyədə tanınıb və tez-tez İranın daxili vəziyyəti, Tehranın xarici siyasəti ilə bağlı açıqlamalar verir. Yəni, onun Azərbaycan səfirliyinə qarşı açıq-aşkar terror aktına münasibət bildirməsinə təəccüblənmək olmaz.

Çoxları İranın gələcək rəhbəri kimi Rza Pəhləvidən danışır. Belə bir fikir var ki, ayətullahların hakimiyyəti zorakılıqla devriləcəyi təqdirdə, o, İranın başçılığına ən çox ehtimal olunan namizəd olacaq. Yeri gəlmişkən, onun maraqlı fikirləri var, özünü respublikaçı adlandırır. O deyir ki, İran xalqı özlərinə ən uyğun olan idarəetmə formasını seçməlidir. Bəzi iranlı monarxistlər zarafatla deyirlər ki, bizim monarxist hərəkatımızın rəhbəri respublikaçı olduğu üçün “şanslıyıq”. O, müasir siyasətçidir, artıq kifayət qədər təcrübəlidir.

Onun Azərbaycana münasibətinə gəlincə, xatırladacam ki, o, yarıazərbaycanlıdır. Yəni anası, Şah Pəhləvinin sonuncu arvadı – Fərəh İranın 1000 ildən artıq yeganə imperatriçası (İranda əvvəlki imperatriçalar yalnız ərəblərin işğalından əvvəl idi), milliyyətcə azərbaycanlıdır və bunu heç vaxt gizlətməyib. 1972-ci ildə SSRİ-yə, o cümlədən Bakıya dövlət səfəri etdi və orada onu çox səmimi qarşıladılar, bu, böyük bir hadisə idi. Daha sonra onun azərbaycanlı olduğu vurğulanıb.

Yəni Rza Pəhləvi müasir siyasətçidir, İranın böyük bir hissəsini azərbaycanlıların təşkil etdiyi mühacirət mühitində, eləcə də İran daxilində və beynəlxalq siyasətdə populyardır. Və o, İranda mövcud olan bütün milli azlıqların hüquqlarının nəzərə alınmasının tərəfdarıdır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90