Almaniyanın Hamburq şəhərində uzun illər siyasətdə nüfuz sahibi olan 81 yaşlı Dirk Fişer kirayə borcuna görə yaşadığı evdən çıxarılıb.
Ulusal.az xəbər verir ki, vaxtilə Xristian Demokrat İttifaqının (XDİ) tanınmış simalarından olan sabiq deputat bir neçə aydır kirayə ödənişlərini etmədiyinə görə məhkəmə icraçısının müdaxiləsi ilə üzləşib.
Fişerin mənzilə görə 2500 avrodan çox borcu yaranıb. İyulun 14-də icraçılar onun evinə gələrək çıxarılma qərarını yerinə yetiriblər.
Maraqlısı budur ki, sabiq deputat ayda 7,159 avro məbləğində parlament təqaüdü alır.
Yaxınlarının dediyinə görə, Fişer bu vəsaitin böyük hissəsini Braziliyada yaşayan sevgilisi və onun ailəsinə göndərir. Onun dostları bildirirlər ki, keçmiş siyasətçi ailəsi uğrunda şəxsi rahatlığından və maddi sabitliyindən vaz keçib.
Fişerin partiya yoldaşları ona zaman-zaman maddi yardım göstərsələr də, yaranmış borc böhranının qarşısını almaq mümkün olmayıb. Keçmiş deputat “Bild”ə açıqlamasında mənzil sahibiylə razılığa gəlməyə çalışdığını və evə geri dönməyi ümid etdiyini deyib.
Qeyd edək ki, Dirk Fişer 37 il Almaniya Bundestaqında təmsil olunub, uzun müddət XDİ-nin Hamburq şöbəsinə rəhbərlik edib və 2007-2021-ci illərdə Hamburq Futbol Assosiasiyasının prezidenti olub. Hazırda isə həyatının axarında şəxsi münasibətləri və maliyyə çətinlikləri ilə gündəmə gəlib.Musavat.com

