Azərbaycan tarixi Zəfərdən sonra da dinamik inkişafdadır. Ölkəmizdə əhalinin rifahı da yüksəlişdədir, işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri də uğurla aparılmaqdadır.
Oktyabrın 26 iqtisadi məsələlərə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Bu çıxış iqtisadi inkişafın konturlarını, istiqamətlərini, tempini xatırlatmaqla Azərbycanın gələcək iqtisadi inkişaf səviyyəsi haqqında da ümumi təəssürat yaratdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi ki, “Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir”. Yeni layihələrin yüksəlişin yeni mərhələsi olacağını da diqqətə çatdıran dövlət başçımız çıxışında həm də qeyd etdi ki, “Son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və biz bunun bəhrəsini indi görürük. Bizim ənənəvi sənaye məntəqələrimizdə, – Bakı şəhəri, Sumqayıt şəhəri, sənaye parkları, – yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir”.
Tarixi Zəfərdən dörd il keçir. Zəfər ordu quruculuğunda yeni mərhələ müəyyənləşdirdi. Azərbaycanda ordu quruculuğu Zəfərdən sonra da dövlət üçün prioritet olmaqdadır. İndi ordunun daha da möhkəmlənməsi, döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində böyük layihələr həyata keçirilir. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələ ilə əlaqədar dedi ki, “İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr – bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq”…
Bu müşavirə Azərbaycanın daha nurlu sabahlarına qayğı kimi tarixləşdi…
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı