Prezident İlham Əliyevin Azərbaycanda sosial müavinətlərin artırılması ilə bağlı Fərmanı sabahdan qüvvəyə minir.
Ulusal.az xəbər verir ki, Fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:
– orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61-80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31-60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat;
– ailə başçısını itirməyə görə 140 manat;
– müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat;
– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 manat;
– bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 manat;
– beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat;
– övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 manat;
– himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0-6 yaş arası uşağa görə 500 manat, 7-13 yaş arası uşağa görə 600 manat, 14-18 yaş arası uşağa görə 650 manat;
– uşağın anadan olmasına görə 600 manat;
– dəfn üçün 600 manat.