Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili ona qarşı başqa cinayət işləri açıldığı üçün indiki prezident Salome Zurabişvili tərəfindən əfv edilsə belə, həbsxanadan çıxa bilməyəcək.
Bunu “İmedi” telekanalına müsahibəsində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.
“Mən bildiyimə görə, Saakaşviliyə qarşı digər mühüm işlərə baxılır və prezidentin əfv sərəncamı o baxımdan mənasını itirir. O, belə bir qərar versə də, Saakaşvili azadlığa çıxa bilməyəcək, çünki hazırda ona qarşı qaldırılmış digər mühüm işlərə baxılır”, – Kaladze bildirib.
Qeyd edək ki, hazırda Ukrayna vətəndaşı olan Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində qiyabi olaraq 3 il və əlavə olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib. 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, “İmedi” televiziya şirkətinin ofisinin dağıdılması və təxminən 9 milyon lari (3,3 milyon dollardan çox) məbləğində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı işlərə baxılır. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. Bundan sonra o, sərhədi qanunsuz keçməkdə ittiham olunub. 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün siyasətçi hələ də qaldığı Tbilisidəki özəl “Vivamed” klinikasına aparılıb.