image-rt-reklam
image-1backend

Rusiyanı ağılla anlamaq mümkün deyil

image-728x90

Rusiya Dövlət Dumasında komitə sədrinin birinci müavini Konstantin Zatulinin və Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun ardınca Rusiya rəhbərliyinə yaxınlığı ilə tanınan, Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov da Solovyov və Simonyn kimilərinin anti-Azərbaycan isteriyasına qoşuldu. Mixalkovun təhqir və həqarətlə dolu ritorikası bir daha göstərdi ki, Fyodor Tyutçev demişkən, Rusiyanı ağılla anlamaq, atdığı addımları sağlam məntiqlə izah etmək indinin özündə də mümkün deyil.

Bir ölkədə ki, dövlətə bağlı olan təbliğat maşını nasional-şovinist ideologiyasına yox demək əvəzinə, onun körüklənməsi məqsədinə xidmət edir, bu cür təbliğatda iştirak edənlərdən ədalətli mövqe gözləntisinin özü də yanlışdır. O ölkədə ki, hətta Nikita Mixalkov kimi tanınmış bir sima yaradıcılıq azadlığından könüllü və ya “məcburi-könüllü” şəkildə imtina etmək, rəsmi dairələrin şəninə  yalnız mədhiyyələr qoşmaq məcburiyyətində qalıbsa, yaxud bu seçimi könüllü şəkildə edirsə, belələrinin dilindən həqiqəti gözləmək  sadəcə sadəlövhlükdür.

Nə qədər arzulasaq da, Rusiyada ictimai fikrə təsir etmək gücündə olan bu cür şəxsləri ağılla anlamaq, onların mövqeyini sağlam məntiqlə izah etmək heç vaxt mümkün olmayacaq. Zaman-zaman imperiya keçmişinin əsirinə çevrilən istənilən cəmiyyət və onun təbliğatçıları mərdlik və ləyaqətdən nə qədər danışsalar da, bu dəyərli məfhumları yalnız gözdən salıblar. Belələri heç vaxt  anlamayıb ki, bu cür xəstə təxəyyül təkcə başqalarına deyil, ilk növbədə, öz cəmiyyətlərinə qaranlıq gələcək və faciələr vəd edir.

Bir vaxtlar ABŞ-nin sabiq Prezidenti Co Bayden Ukraynaya qarşı yürütdüyü işğalçılıq siyasətinə görə Rusiya Prezidentini “qatil” və “terrorçu” adlandırır, onu yeni Nürnberq məhkəməsi ilə hədələyirdi.  ABŞ-nin indiki Prezidenti cənab Donald Tramp yüzminlərlə insan itkisinə səbəb olmuş müharibəyə son qoymaq üçün Rusiyaya sülh əlini uzatdı. Təəssüf ki, Rusiya bunu zəiflik əlaməti kimi qiymətləndirərək qanlı müharibəni davam etdirmək, təbliğat ruporları isə buna haqq qazandırmaq yolunu seçdilər. Nəticədə yalnız ona nail oldular ki, Tramp administrasiyası da Rusiyanı “dəlilikdə” günahlandırmağa başladı. Bir daha aydın oldu ki, Rusiyanı ağılla anlamaq mümkün olmayacaq.

Ölkəmizin dövlətlərarası münasibətlərdəki etibarlılığına gəldikdə isə, cənab Mixalkov və onun kimiləri bilməlidir ki, bütün basqı və təzyiqlərə baxmayaraq, Azərbaycan və qardaş Türkiyə bir çoxlarından fərqli olaraq, Rusiyaya qarşı sanksiya siyasətinə qoşulmadı. Əgər bunu Rusiyada hələ də görmür və anlamırlarsa, deməli, Rusiyanı ağılla anlamaq üçün göstərilən bütün çabalar mənasızdır. Onun yalnız öz cəmiyyətlərini aldatmağa xidmət edən təbliğat maşını nə qədər çalışsa da, istər sərnişin təyyarəmizin Rusiya səmasında vurulması, istərsə də Rusiyadakı soydaşlarımıza və vətəndaşlarımıza qarşı törədilən təqib kampaniyasına heç vaxt haqq qazandıra və həqiqəti gizlədə  bilməyəcək. Bir ölkədə ki, Marqarita Simonyan kimi birisi özünü rus adlandırmağa, rus xalqının və Rusiya cəmiyyətinin adından danışmağa cəsarət edirsə, üstəlik, cənab Mixalkov “rus ictimai fikri” anlayışının bu qədər ucuzlaşdırılması ilə barışırsa, deməli, Rusiyanı ağılla anlamaq bundan sonra da mümkün olmayacaq.

Belə şəxslərin səviyyəsinə enib, son aylar ölkəmizə qarşı haqsız mövqeyinə baxmayaraq, Rusiya rəhbərliyini təhqir etmək fikrində deyiləm. Lakin bu o demək deyil ki, cəmiyyətimiz anti-Azərbaycan kampaniyasının arxasında hansı siyasi iradəsinin və hansı məkrli niyyətlərin dayandığını görmür. O boyda Rusiya coğrafi qonşuları üçün iqdisadi və mənəvi dəyərlər baxımından cəlbedici ölkəyə çevrilmək əvəzinə, “xoxan” rolunu oynamaq yolunu seçibsə, onun tanınmış ictimai fikir daşıyıcıları isə bu cür təhlükəli və uğursuz siyasətin icraçısına çevrilirsə, Rusiyanı ağılla anlamaq, həqiqətən, mümkün olmayacaq.

Yaradıcılıq azadlığını hakimiyyətə mədhiyyə qoşmaqla əvəzləyən və bununla öz keçmişinin üzərindən qalın xətt çəkən Mixalkov kimilərinə xatırlatmaq istərdim ki, mədhiyyəçilik heç zaman ləyaqət anlayışının sinonimi olmayıb. Həqiqətləri təhrif edən və yaltaqlıq pərdəsinin arxasında özlərinə rahat gün-güzəran yaradan  bu cür şəxslərə Uinston Çörçillin müdrik kəlamlarından birini xatırlatmaq istərdim: “Yalnız axmaqlar fikrini dəyişmir”.

Ülvi Quliyev

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90