Britaniya Müdafiə Nazirliyi kiberhücumla üz-üzə qalıb: rusiyalı hakerlər ölkənin 8 hərbi bazasına dair məxfi sənədləri və şəxsi məlumatları ələ keçirərək internetdə yayıblar.
Ulusal.az xəbər verir ki, bu barədə “The Mail on Sunday” qəzeti məlumat yayıb.
Britaniya Müdafiə Nazirliyi insidentlə bağlı araşdırmalara başladığını təsdiqləyib.
Məlumata görə, hücum Lynx adlı haker qruplaşması tərəfindən nazirliyin podratçısı olan Dodd Group şirkətinə qarşı həyata keçirilib. Şirkət Britaniyada bir sıra hərbi obyektlərin tikintisi və texniki xidmətini həyata keçirir. Hakerlər həmçinin Kier adlı digər tikinti podratçısının da sənədlərini ələ keçiriblər.
Yayılan sənədlər arasında bunlar yer alır:
Kral Hərbi Hava Qüvvələrinin bazalarının planları;
Nüvə silahlarının yerləşdirildiyi obyektlərə dair məlumatlar;
ABŞ-yə məxsus F-35 döyüş təyyarələrinin dislokasiya olunduğu bazalar;
İnsansız uçuş aparatlarının yerləşdiyi əsas hərbi baza;
Ultra-gizli radar stansiyası haqqında texniki təfərrüatlar;
Britaniyanın cənubunda yerləşən Hərbi Hava Qüvvələri bazası və digər dəniz hərbi obyektlərinə dair sənədlər.
Hakerlər həmçinin hərbi bazalarda çalışan əməkdaşların şəxsi məlumatlarını və kibertəhlükəsizliklə bağlı daxili təlimatları da ələ keçirib. Onlar bu məlumatların yayılmaması üçün pul tələb edib, lakin tələblər yerinə yetirilmədiyi üçün sənədlərin bir hissəsi artıq “dark web”də paylaşılıb.
Kiberhücumun miqyası və yayılan məlumatların xarakteri Britaniya üçün ciddi təhlükə siqnalı hesab olunur. Bu, həm ölkənin milli təhlükəsizliyinə, həm də NATO müttəfiqlərinin maraqlarına təhdid yarada bilər.”AzPolitika.info”