“Zəngəzur dəhlizi və ya “Tramp yolu” layihəsi təsadüfən gündəmə gəlməyib, məsələ çoxdan gündəmdə idi”.
Ulusal.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev deyib.
“Bu məsələ üzrə razılaşma təsadüfi deyil. Həm Bayden, həm də Tramp administrasiyası bu istiqamətdə fəal işləyib. Bayden administrasiyasının Bakı və İrəvan nümayəndələrini Ağ Evə necə dəvət etdiklərini, onlarla çoxsaatlıq və çoxgünlük danışıqlar apardıqlarını xatırlayırıq. Əgər əvvəlki komanda bir sıra səbəblərə görə prosesi başa çatdıra bilməyibsə, Donald Trampın işgüzarlığı və son illərdə dəyişən geosiyasi vəziyyət bu layihəyə güclü təkan verib.
Plana görə, bu, təkcə dəmir yolu və avtomobil yolu deyil, həm də fiber-optik xətt, eləcə də neft-qaz kəmərləri olacaq.
Fikrimcə, bu, ilk növbədə ona görə maraqlıdır ki, söhbət Rusiya və İrandan yan keçməklə, Orta dəhliz adlanan yerin Qafqaz hissəsinin yekun layihəsindən gedir və bu, ümumi konfiqurasiyanı təkcə iqtisadi deyil, həm də hərbi-siyasi baxımdan ciddi şəkildə dəyişir”, – ekspert bildirib.
Areşev qeyd edib ki, Donald Trampın və komandası bu layihə üzərində çox ciddi işləyir.
Rusiyalı analitik hesab edir ki, yolun açılması Türkiyəni Cənubi Qafqazda daha da gücləndirəcək:
“Bəli, bu, belə də olacaq. Bu, Türkiyənin bölgədəki mövqelərini möhkəmləndirmək səylərinin yeni mərhələsidir. Ərdoğan Türkiyə ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu heç vaxt inkar etməyib”.
İrana gəlincə, Areşev əlavə edib ki, Tehran buna etiraz eləsə də, qarşısını alacaq gücdə deyil:
“İsrail və ABŞ-nin iyun hücumlarından sonra İran üçün çətin durum yaranıb. Açığını desəm, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) öz qüvvələrini, məsələn, Şimali İraqda olduğu kimi, Mehri bölgəsində yerləşdiriləcəyini və ya Arazın cənub sahilindən atəş açacağını düşünmürəm. Amma vəziyyət fərqli şəkildə də inkişaf edə bilər və biz müxtəlif ssenarilər görə bilərik. Amma nədənsə mənə elə gəlir ki, İranın Azərbaycanla təmas qurmaq üçün apardığı kifayət qədər aktiv və israrlı siyasətini nəzərə alsaq, Tehran kəskin etiraz etməyəcək. Biz bu yaxınlarda İran Prezidenti Pezeşkianla azərbaycanlı həmkarı Əliyevin Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının forumunda necə səmimi görüşdüklərini görmüşük”.
Ekspertə görə, ortamüddətli perspektivdə – altı aydan bir ilə qədər İranın pərdəarxası siyasi-diplomatik manevrlərdən kənarda çətin ki, buna qarşı aktiv addımlar atsın.
Areşevin Rusiyanın mövqeyi ilə bağlı fikri belədir:
“Rusiyaya gəlincə, Moskva ən azı Xarici İşlər Nazirliyinin bəyanatları səviyyəsində regionda nəqliyyat kommunikasiyalarının açılmasına heç vaxt etiraz etməyib. Mariya Zaxarova və digər nümayəndələrin açıqlamalarına baxsanız, görərsiniz ki, hamı lehinədir. 2021-22-ci illərdə bu məsələ ilə bağlı üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində komissiya fəaliyyət göstərib. Sonra vəziyyət dəyişdi. Fikrimcə, bu ona görə baş verib ki, Rusiya (Ukraynada) uzun sürən silahlı münaqişəyə cəlb olundu və bu, qüvvə və siyasi, diplomatik və təşkilati imkanları Qafqazdan yayındırır. Bunun nəticəsində son aylarda Moskvanın həm Bakı, həm də İrəvanla münasibətlərində mənfi tendensiya yaranıb.
Rusiya-Azərbaycan münasibətlərinin hazırkı kontekstini və dinamikasını nəzərə alsaq, Moskvanın bu layihəyə uyğunlaşa biləcəyini düşünmürəm. Üstəlik, Rusiyanın son illərdə fəal şəkildə irəli sürdüyü Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi ciddi problemlərlə üzləşə bilər”.