image-rt-reklam
image-1backend

“Rusiyada yaşayan həmyerlilərimiz məcburi döyüşlərə cəlb edilirlər” -Politoloq

image-728x90

“Dünya, artıq uzun müddətdir ki, Rusiya və Ukrayna arasındakı müharibəni dayandırmağa çalışır. Lakin görünən odur ki, bu savaş hələ bir müddət də davam edəcək. Dünən, ABŞ-da mediaya verdiyi müsahibəsində, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan da açıq şəkildə bəyan etdi ki, bu müharibəni dayandırmaq olduqca çətindir və ehtimal ki, ən azı iki il daha davam edəcək. Bu müharibə təkcə müharibə aparan ölkələrə deyil, bütün dünyaya ciddi təsir göstərir. Azərbaycan da bu savaşdan zərər çəkən ölkələrdən biridir. Hər iki tərəfdə, həm Rusiya, həm də Ukrayna tərəfində bir çox azərbaycanlı döyüşçü yer alıb və təəssüflər olsun ki, mütamadi olaraq vətəndaşlarımız bu döyüşlərdə həlak olur. Bu, bizim üçün böyük bir itki və üzüntüdür.” – bu fikirləri Ulusal.az saytına açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edib ki, Ukrayna və Rusiya arasındakı müharibədə iştirak edən azərbaycanlıların sayı kifayət qədərdir. “Ukraynada müharibəyə qatılan azərbaycanlılar, həmin ölkənin vətəndaşlarıdır və ərazi bütövlüyü uğrunda döyüşürlər. Digər tərəfdən, Rusiya tərəfdən döyüşən bir çox azərbaycanlılar, həm də bu ölkənin vətəndaşlarıdır və bir çoxu, şirnikləndirici təkliflər altında müharibəyə cəlb edilmişdir. Rusiya, müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan miqrantları bu müharibəyə, daha doğrusu, ölümə göndərməyə çalışır. Bu iki qrup azərbaycanlının mövqeləri arasında ciddi fərq vardır. Ukraynada döyüşən azərbaycanlılar ərazi bütövlüyü uğrunda döyüşürlər, Rusiyada döyüşənlər isə işğalçı dövlətin tərəfində mübarizə aparırlar. Bu fərqi anlamaq və düzgün qiymətləndirmək vacibdir. Bundan əlavə, Ukraynanın əsir götürdüyü hərbçilər arasında bir neçə azərbaycanlının olduğu barədə məlumatlar var. Müharibə zamanı zaman-zaman əsir mübadiləsi baş verir, lakin hələlik əsir düşən azərbaycanlıların Rusiyaya təhvil verildiyi barədə məlumat yoxdur.”- deyə Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, Ukrayna, Azərbaycanın dostu və tərəfdaşıdır.

“Əgər Ukrayna əsirliyində olan bir neçə azərbaycanlının arasında miqrantlar varsa – yəni, onlar Azərbaycan vətəndaşlarıdır – o zaman onların ölkəmizə təhvil verilməsi məsələsi gündəmə gələ bilər. Lakin bu, həmin şəxslərin cinayət məsuliyyətindən azad olunması anlamına gəlmir. Hər bir halda, onların cinayət məsuliyyətindən qaçmalarına yol verilə bilməz. Bu müharibədə Azərbaycanlıların əhəmiyyətli rolu və vəziyyəti, həm dövlətimizin, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməlidir. Bizim vətəndaşlarımızın həyatını və təhlükəsizliyini qorumaq, həmçinin müharibənin bitməsinə dair daha geniş diplomatik təşəbbüsləri dəstəkləmək bizim prioritetlərimizdən biri olmalıdır.” – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90