Priqojinin oğlu “Vaqner”ə rəhbərlik edəcək?
Publika.az xəbər verir ki, Müharibə Araşdırmaları İnstitutu (ISW) “Vaqner” özəl hərbi şirkətinin Rusiya Qvardiyasının və ya Rusiya Müdafiə Nazirliyinin nəzarəti altında bərpasını Ukrayna üçün təhlükə hesab edir. İnstitut bununla bağlı hesabat hazırlayıb.
Hesabatda qeyd olunur ki, “vaqnerçilər” Belarus, Mərkəzi Afrika Respublikası, Liviya və Mali də daxil olmaqla bir neçə ölkəyə səpələnib və onların vahid lideri yoxdur.
Analitiklər xatırladırlar ki, sentyabrın 29-da Rusiya prezidenti Vladimir Putin “Vaqner” qrupunun keçmiş komandiri, hazırda isə Müdafiə Nazirliyinin əməkdaşı olan Andrey Troşevlə görüşüb və ondan Ukraynadakı döyüş əməliyyatlarında gözləntilərini vurğulayıb.
“Vaqner” qruplaşmasının bəzi üzvləri isə Putinin görüşdə Troşevi qucaqlamasına mənfi reaksiya verib və alternativ lider irəli sürüblər.
Məlumata görə, Yevgeni Priqojinin 25 yaşlı oğlu Pavel Priqojinin “Vaqner”ə rəhbər gətiriləcəyi ehtimal olunur.
Bildirilir ki, bununla da yaraqlıların Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamasına ehtiyac qalmayacaq və özəl hərbi şirkət öz adını, simvollarını, ideologiyasını, komandirlərini, idarəçiliyini və mövcud standart fəaliyyət prinsiplərini qoruyub saxlayacaq.
Eyni zamanda, rusiyalı bir mənbə iddia edib ki, Pavel Priqojin müstəqil oyunçu deyil və “Vaqner” Təhlükəsizlik Xidmətinin rəhbəri Mixail Vataninin təsiri altındadır.





















