Rusiya öz hərbi dəniz qüvvələrini Suriyanın Tartus şəhərindəki bazasından təxliyə edir. Bu onu göstərə bilər ki, Moskvanın Suriya Prezidenti Bəşər Əsəd rejiminə ciddi hərbi dəstək vermək planları yoxdur.
Ulusal.az xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında belə deyilir.
Hesabatda deyilənə görə, OSINT analitiklərinin 30 noyabr və 1 dekabr tarixli peyk şəkilləri üzərində apardığı araşdırmalar göstərib ki, Rusiyanın Tartusdakı bazasında “Admiral Qolovko” və “Admiral Qriqoroviç” freqatları, “Novorossiysk” sualtı qayığı, həmçinin “Yelnya” və “Vyazma” gəmiləri yerləşir. Bununla belə, dekabrın 3-də peykdən çəkilmiş yeni görüntülər göstərib ki, Rusiya bazadakı üç freqat, bir sualtı qayıq və adı açıqlanmayan iki yardımçı gəmini (“Yelnya” və “Vyazma” olduğu güman edilir) Tartusdan çıxarıb. Yəni, bazadakı bütün gəmilərini.
ISW hesab edir ki, Rusiya bu gəmiləri Qara dənizdəki limanlarına yenidən yerləşdirə bilməz. Çünki Türkiyə Rusiya hərbi gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsini qadağan edən Montrö Konvensiyasına əməl edir. Bu faktı nəzərə alaraq, İnstitut Moskvanın gəmiləri Rusiya Federasiyasının şimal-qərbindəki və Kalininqrad vilayətindəki bazalarına yerləşdirəcəyini güman edir.
Ukrayna Hərbi Kəşfiyyatının Baş İdarəsi isə dekabrın 3-də bildirib ki, Rusiya hərbi komandanlığı Suriyaya müəyyən sayda özünün “Afrika Korpusu”nun döyüşçülərini yerləşdirib. Bu, Rusiya Müdafiə Nazirliyinin 2023-cü ilin avqustunda Yevgeni Priqojinin ölümündən sonra “Vaqner”-in Afrikadakı əməliyyatlarını əvəz etmək üçün yaratdığı təşkilatdır. “Afrika Korpusu” Rusiyanın Yaxın Şərq və Afrikada hərbi mövcudluğunu gücləndirmək layihəsidir. 2023-cü ilin noyabrında yaradılan bölmə Qərbin təsirinə qarşı durmalı və Afrika ölkələrindəki resurs bazasını sarsıtmalıdır.
ISW qeyd edib ki, Suriyada “Afrika Korpusu”nun elementlərinin yerləşdirilməsi ilə bağlı xəbərləri təsdiq edən məlumata malik deyil. Lakin bu xəbərlər doğrudursa belə, bu, Rusiya hərbi komandanlığının öz nizami ordu hissələrinin bir qismini Ukraynadakı cəbhədən çıxararaq, Suriyaya göndərmək niyyətində olmadığını göstərir: “Rus qoşunlarının Tartusdan təxliyəsi və Suriyaya “Afrika Korpusu” qüvvələrinin yerləşdirilməsi ilə bağlı xəbərlər göstərir ki, Rusiya Suriya müxalifət qüvvələrinin cənubdan Həmaya (Tartusdan təxminən 80 kilometr şimal-şərqdə) irəliləyərək Tartusdakı bazanı təhdid edə biləcəyi ehtimalından narahatdır. Bununla belə, Rusiya hərbi komandanlığı belə bir irəliləyişin qarşısını almaq üçün yaxın gələcəkdə Suriyada əhəmiyyətli əlavə qüvvələr yerləşdirməyəcək”.“AzPolitika”