“Bu cür addımlar Rusiyanın irəliləyişini ləngidə bilər, amma…”
Rusiya hərbi komandanlığı Ukrayna Silahlı Qüvvələrinin irəliləyişini dayandırmaq üçün Çasov Yar istiqamətindəki bölmələrinin bir hissəsini Kursk vilayətinə gətirib.
ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında belə deyilir.
İnstitutun mütəxəssisləri Rusiya hərbi bloqerlərinin Kurskdakı Konopelka yaşayış məntəqəsinin cənubunda (Sudjanın şərqində) Ukrayna zirehli hərbi maşınının Çasov Yar yaxınlığında döyüşən 11-ci Hava Desant Briqadasının əsgərləri tərəfindən vurulmasına dair məlumatına diqqət çəkiblər. Bu briqada 2024-cü ilin iyul ayının sonunda Çasov Yarda görünüb.
Təhlilçilər deyirlər ki, Kurska gətirilən bölmələr 11-ci Briqadanın Çasov Yarda tam ön xətdə döyüşən hissələri yox, onları əvəz etməli və gücləndirməli olan bölmələridir. Belə görünür ki, Rusiya komandanlığı ön xətdə rotasiyasını gözləyən qüvvələri yerində saxlayıb, onları əvəz edəcək hissələri Kurska atmaq qərarına gəlib.
ISW qeyd edir ki, bu cür addımlar Rusiyanın Çasov Yar istiqamətindəki irəliləyişini ləngidə bilər. Ancaq bunun təsirini hiss etmək üçün aylarla vaxt lazımdır. ISW hesab edir ki, Rusiya hərbi komandanlığı hələ də Ukraynada cəbhənin prioritet təşkil edən hissələrindən öz qüvvələrini qismən də olsa çıxarıb Kurska göndərməyə həvəsli deyil. Rusiya mənbələrinin məlumatına görə, işğalçı ordunun komandanlığı iyulun ortalarına kimi Xarkovun şimalında fəaliyyət göstərən 30-cu motoatıcı alayın (72-ci motoatıcı diviziya, 22-ci ordu korpusu, Leninqrad Hərbi Dairəsi) hissələrini də Kursk vilayətinə gətirib.
Beləliklə, ISW qeyd edir ki, Ukraynanı Kurskda dayandırmaq üçün Rusiya hakimiyyəti ilk növbədə Ukraynanın daha aşağı prioritetli sayılan cəbhə bölgələrindən köçürülmüş qüvvələrin və çağırışçıların xidmətlərindən istifadə etmək niyyətini büruzə verir.
Xatırladaq ki, Ukraynanın avqustun 6-da başlatdığı Kursk əməliyyatı davam edir. Hazırkı durumda Kurskun 90-dan artıq yaşayış məntəqəsi və 1250 kvadrat kilometr ərazisinin Ukraynanın nəzarəti altında olduğu bildirilir.“AzPolitika.info”