Düşənbədə baş tutan MDB Dövlət Başçılarının Zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüş iki ölkə arasında son dövrlər müşahidə olunan gərgin münasibətlər fonunda mühüm əhəmiyyət kəsb edir.
Politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, bu görüş, həmçinin Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələnin başlaya biləcəyindən xəbər verir. Onun sözlərinə görə, uzun müddətdir ki, Moskva ilə Bakı arasında münasibətlərdə soyuqluq müşahidə olunurdu və bu, bir sıra hadisələr fonunda daha da dərinləşmişdi.
“Rusiya prezidenti Vladimir Putin Azərbaycanın sərbişin təyyarəsini vurduqlarını etiraf etdi və bir daha rəsmi şəkildə üzr istədi və həlak olanların ailələrinə təzminat veriləcəyini açıqladı. Bu, əslində Rusiya diplomatiyası üçün nadir hallarda baş verən bir haldır. Kreml bu dəfə bükə bilmədiyi qolu sıxmağa məcbur oldu”, – deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev apardığı ardıcıl, prinsipial və milli maraqlara əsaslanan uğurlu xarici siyasət nəticəsində Rusiyanı üzr istəməyə vadar edib. Onun fikrincə, bu hadisə Rusiyanın bölgədəki siyasətinin heç də “böyük oyun” olmadığını, əksinə, ziddiyyətli və taktiki məğlubiyyətlərlə müşayiət olunduğunu bir daha sübut edir.
“Rusiya bu davranışı ilə əslində özünün çarəsizliyini ortaya qoydu. Birdən-birə geri addım ataraq Azərbaycan qarşısında əyilmək sadəcə bir diplomatik jest deyil, eyni zamanda Rusiyanın bölgədə müəyyən maraqlarının güdüldüyünün göstəricisidir”, – deyə Arzuman Muradlı vurğulayıb.
Politoloqun fikrincə, regionda dəyişən geosiyasi vəziyyət və Azərbaycanın artan nüfuzu Rusiyanı bu tip diplomatik addımlar atmağa məcbur edir. Bu isə Azərbaycan diplomatiyasının gücünün və İlham Əliyevin siyasi manevr qabiliyyətinin real nəticəsidir.