image-rt-reklam
image-1backend

Rus qvardiyasının Ukraynadakı dəhşətli cinayətləri – “Nyu-York Tayms” elə şeylər yazdı ki!

image-728x90

ABŞ-ın “Nyu-York Tayms” qəzeti Ukraynanın Xerson vilayətinin azad edilmiş ərazilərində Rusiya qüvvələrinin işğal zamanı törətdiyi vəhşiliklərdən yazıb.

Xerson vilayətinin böyük hissəsi hələ də işğal altındadır. Ukrayna ordusu vilayətin mərkəzini (Xerson şəhəri) səkkiz aylıq işğaldan sonra 2022-ci ilin noyabrında azad edib. Həmin vaxta qədər və sonrakı döyüşlərdə vilayətin bəzi başqa hissələri də qurtulub.

“Nyu-York Tayms” yazır ki, Rusiyanın cinayəti təkcə torpaq zəbti ilə bitmir, rus qoşunları ələ keçirdiyi ərazilərdə saysız-hesabsız cinayətlərə yol verir. Xerson şəhəri azad olunandan sonra ukraynalı müstəntiqlərin şəhərdə və vilayətin azad edilmiş digər yerlərində araşdırma apardığını, yüzlərlə cinayət əməlini üzə çıxardığını vurğulayan “Nyu-York Tayms” yazır ki, ümumilikdə işğal dövründə rusiyalıların bu ərazidə 11 istintaq təcridxanasından işgəncə məqsədilə yararlandığı müəyyənləşib: “Təcridxanalarda həm kişilər, həm də qadınlar saxlanıb. Onlar döyülüb, amansız işgəncələrə, o cümlədən cinsi təcavüzə məruz qalıb. Bəzisi edam olunub”.

“Nyu-York Tayms” bir müddət əvvəl Ukrayna Baş Prokurorluğunun Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) dörd üzvünə qarşı cinayət işinə başladığını bildirir: “Onların biri “Rosqvardiya”nın polkovniki Aleksandr Naumenkodur. O, Rusiyanın Rostov-Don şəhərindəndir. Digərləri onun tabeliyində xidmət keçən qvardiyaçılardır: Aleksandr Boçarov (Rusiyanın Krasnodar diyarındandır), Ənvər Muksimov (Stavropol diyarındandır), Aleksandr Çilingərov (Orenburq vilayətindəndir). İnsanlıq əleyhinə cinayətlərdə ittiham olunan (qiyabi şəkildə) bu dörd rusiyalı qvardiyaçı işğal aylarında Xerson şəhərinin mərkəzində istintaq təcridxanasına nəzarət edib. Polkovnik Aleksandr Naumenko təcridxananın rəhbəri olub”.

İstintaq materiallarına istinad edən “Nyu-York Tayms” təcridxanada ukraynalıların amansızcasına döyüldüyünü, onlara elektrik cərəyanı vasitəsilə, susuz saxlama yolu ilə işgəncələr verildiyini və edam səhnələri təşkil olunduğunu yazır: “Rusiyalı qvardiyaçılar əməllərinin cəzasız qalacağına o qədər arxayın olublar ki, hətta təcridxanaya doldurduqları 200 ukraynalı qarşısında öz kimliklərini gizlətməyə, üzlərini örtməyə belə cəhd göstərməyiblər. Amma məhz bu amil onların kimliyini müəyyən etməyə yardımçı olub. Ukraynalı prokurorlar işğal dövründə istintaq təcridxanasında zorakılığa məruz qalmış adamların ifadəsini alarkən onlara Rusiya Milli Qvardiyasının işğalda iştirak edən üzvlərinin fotoşəkillərini göstəriblər. Zərərçəkənlərin bir qismi Aleksandr Naumenko, Aleksandr Boçarov, Ənvər Muksimov və Aleksandr Çilingərovu tanıyıb.

Bu dəstənin nəzarətində olduğu dövrdə istintaq təcridxanasında bir qadın, iki kişi işgəncədən ölüb. Döyüləndən sonra vəziyyətləri ağırlaşsa da, onlara tibbi yardım göstərilməyib. İşgəncə nəticəsində ölən 42 yaşlı Sergey Rubanın meyiti Xerson azad ediləndən sonra kütləvi məzarlıqda tapılıb. 70 yaşlı anası oğlunun meyitini barmaqlarının üstündəki döymədən tanıyıb. Sergeyin qabırğalarında çoxsaylı sınıqlar aşkarlanıb.

Polkovnik Naumenkonun başçılıq etdiyi təcridxanada saxlananlardan 17 nəfər ifadəsində deyib ki, işgəncəyə məruz qalarkən bədəninin intim nahiyəsinə elektrik cərəyanı verilib”.

“Nyu-York Tayms” qeyd edir ki, müstəntiqlər “Rosqvardiya” üzvlərinin cinayət əməllərini üzə çıxararkən təkcə şahid ifadələrinə söykənmirlər: “İstintaq prosesində Ukraynanın əldə etdiyi kəşfiyyat məlumatlarından, qeydə aldığı telefon danışıqlarından da istifadə olunur.

Ukraynanın baş prokuroru Andrey Kostinin sözlərinə görə, Xerson təcridxanalarında törədilən zorakılıqların əksəri səbəbsiz, motivsiz olub, ya da dindirmə zamanı ukraynalıları saxta etiraflara məcbur etmək məqsədi daşıyıb.

Baş prokuror rusiyalı işğalçıların ukraynalılardan işgəncə yolu ilə saxta ifadələr almaq cəhdini SSRİ-də İosif Stalinin hakimiyyəti dövründə tətbiq olunan repressiya metodları ilə müqayisə edib”.

Rusiya Milli Qvardiyası 2016-cı ildə prezident Vladimir Putinin fərmanı ilə Daxili Qoşunların bazasında yaradılmış silahlı qüvvədir. Qvardiya birbaşa prezidentə tabedir. Qanunla qvardiyanın əsas vəzifəsi dövlətin və vətəndaşların təhlükəsizliyini təmin etmək, insan hüquq və azadlıqlarının keşiyində durmaqdır.

Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım yarımadasını zəbt edib, martda onu Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib. Eyni ildə Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.

2022-ci il sentyabrın 23-dən 27-dək dörd işğalçı rejimdə Rusiyaya birləşmək “referendumları” təşkil edilib, müsbət cavab çıxarılan qanunsuz səsvermələrdən sonra rejim rəhbərləri Rusiyaya birləşmək barədə müraciət ediblər. Vladimir Putin sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyan fərmanlar imzalayıb. Sentyabrın 30-u Moskvada dörd bölgənin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan müqavilələr imzalanıb. İlhaq sənədlərini Rusiya prezidenti ilə saxta rejimlərin rəhbərləri qollayıb. Müqavilələr oktyabrın 2-də Konstitusiya Məhkəməsindən müsbət cavab alıb, oktyabrın 3-də parlamentin aşağı palatasında (Dövlət Duması), oktyabrın 4-də yuxarı palatasında (Federasiya Şurası) təsdiqlənib, müvafiq qanun layihələri qəbul edilib. Vladimir Putin oktyabrın 5-də Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan sənədlər paketini imzalayıb.

2022-сi ilin payızında Ukrayna ordusu fəal əks-hücum əməliyyatları həyata keçirib. Əks-hücumun əsas istiqamətlərindən biri Xeson vilayəti olub. Rusiyanın hərbi-siyasi rəhbərliyi bu həmlələri nəzərə alaraq işğal etdiyi bəzi bölgələrdən çəkilmək qərarı verib. Noyabrın 11-i səhər Rusiya qoşunlarının Ukraynanın Xerson vilayətinin bir hissəsini, o cümlədən bölgənin mərkəzi şəhəri Xersonu tam tərk etdiyi bəyan olunub. Həmin gün Ukrayna döyüşçüləri martın 3-dən işğal altında olan Xerson şəhərinə girib.(Novator.az)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90