ABŞ-ın CNN telekanalı Ukrayna kəşfiyyatının əldə etdiyi radio danışıqları və video sübutları yayımlayıb. Səs yazılarında rus komandirinin təslim olmuş Ukrayna hərbçilərinin güllələnməsi əmrini verdiyi aydın eşidilir. Hadisə 2024-cü ilin noyabrında Zaporojya vilayətinin Novodarovka kəndi yaxınlığında baş verib və yayımlanan dron görüntüləri ilə üst-üstə düşür.
Videokadrlarda altı ukraynalının üzüstə uzanmış vəziyyətdə olduğu görünür. Onlardan ən azı ikisi uzaq məsafədən açılan atəşlə vurulur. Daha bir hərbçi – ehtimal ki, komandir – harasa aparılır. Radio danışıqları 12:05-dən 12:31-ə qədər qeydə alınıb və bu vaxt intervalı dron görüntüləri ilə eynidir.
CNN qeyd edir ki, səs yazıları müstəqil məhkəmə-tibb eksperti tərəfindən analiz olunub və heç bir montaj və ya saxtakarlıq izinə rast gəlinməyib. Qərb ölkələrindən birinin kəşfiyyat rəsmisi də qeydlərin həqiqiliyini təsdiqləyib və onların daha əvvəl sənədləşdirilmiş digər edam halları ilə üst-üstə düşdüyünü bildirib.
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) məlumatına görə, bu cinayətdə Rusiyanın 5-ci ordusunun 127-ci diviziyasının 394-cü motoatıcı alayının hücum bölməsi iştirak edib. Həmin bölmə daha əvvəl ukraynalı əsirin başının kəsilməsi ilə bağlı hadisədə də şübhəli bilinir. Artıq bu bölmənin komandirləri barəsində qiyabi ittiham irəli sürülüb.
Ukrayna Baş Prokurorluğu bildirir ki, müharibənin başladığı vaxtdan bəri 268 ukraynalı əsirin edam edilməsi ilə bağlı 75 cinayət işi araşdırılır. Təkcə 2024-cü ildə 149 belə hal qeydə alınıb. 2025-ci ilin əvvəlindən etibarən isə artıq 51 ukraynalı əsir güllələnib.
BMT-nin məhkəmədənkənar edamlar üzrə xüsusi məruzəçisi Morris Tidball-Bins CNN-ə açıqlamasında bildirib ki, bu kimi hallar beynəlxalq hüququn açıq və ciddi şəkildə pozulmasıdır. Onun sözlərinə görə, belə cinayətlər yüksək səviyyəli – o cümlədən Rusiya Prezidenti səviyyəsində – əmr və ya razılıq olmadan mümkün deyil.
Ukrayna rəsmiləri bu edamların Rusiya rəhbərliyinin qeyri-rəsmi göstərişləri əsasında həyata keçirildiyini düşünür. Həmçinin ehtimal olunur ki, Rusiya əsirləri saxlamaqla bağlı maddi və logistik çətinliklərdən yayınmaq üçün onları məqsədli şəkildə məhv edir.
Rusiya Müdafiə Nazirliyi məsələyə dair şərh verməkdən imtina edib. Moskva daha əvvəl də bu cür ittihamları rədd edərək Ukrayna və Qərbi dezinformasiya yaymaqda günahlandırıb.“AzPolitika.info”