“Assimilyasiya obyektinə bir-birinin alternativi olan, ya həyatını, ya da vicdanını itirmək yolu qoyulur. Ölümdən xilas olmaq – qaliblər arasında ikinci növ adama çevrilmək naminə bütün qiymətli və əziz olanlardan imtina etməklə mümkün olur. Bundan qaliblər də az udur. Ona görə ki, ikiüzlü və bir qayda olaraq, tam yararlı olmayan “soydaş” qazanır. Çünki məğlub edilmiş etnosun əhval -ruhiyyəsini yox, davranışlarını yalnız zahiri təzahürlərini nəzarətdə saxlamaq mümkündür. Bunun belə olmasına ingilislər XIX əsrdə irlandların, ispanlar Simon Bolivarın partizanlarının, çinlilər dunqanların timsalında əmin oldular. Təsdiqedici nümunələr olduqca çoxdur, lakin məsələ aydındır”.
Bu fikirlər görkəmli tatar tarixçisi Lev Nikolayeviç Qumilyova məxsusdur. Alim elmi araşdırmalara söykənərək bildirib ki, metisləşmə çox tez müşahidə edilir, lakin ekzoqam (yad, özgə) nikahlardan törənən nəsil ya üçüncü, ya da dördüncü nəsildə məhv olur, ya da ata və ana xəttinə ayrılıb haçalanır. Rus imperiyasının bu istiqamətdə atdığı addımları təkrarlayan SSRİ-nin siyasəti nəticəsində yox olan və ya soy-kökünü unudan azsaylı xalqların da başına belə işlər gəlib.
Buxaralılar
Buxaralılar fars və çağatay dillərində danışıblar və əsasən ticarətlə məşğul olublar, lakin onların arasında sənətkarlar, əkinçilər və hətta missionerlər də olub. Rusiya vətəndaşlığını qəbul etmək şərtləri sadələşdirildikdən sonra Sibirdə buxaralıların sayı sürətlə artmağa başlayıb. Məsələn, 1686-1687-ci illərdə Tümen qəzasında 29 buxaralı təsərrüfat var idisə, 1701-ci ilə qədər onların sayı 49-a çatıb. Onlar tez-tez Sibir tatarlarının yanında məskunlaşaraq, tədricən onların mədəniyyətini mənimsəyiblər.
Etnoqrafların fikrincə, buxaralılar çox güman ki, dabbaqlıq (dəriçilik) bacarıqlarını Sibir tatarlarına ötürüblər. Onların fəaliyyəti sayəsində Sibirdə ilk məktəblər, daş məscidlər, milli kitabxana yaranıb. SSRİ-nin xalqlara qarşı sərt siyasətinə görə sonuncu dəfə 1926-cı il siyahıyaalınmasında onların adı çəkilib, bundan sonra “Buxaralılar” termini yalnız Özbəkistanın Buxara vilayətinin sakinlərinə aid edilməyə başlayıb.
Krevinqlər
Krevinqlər, öz növbəsində, latışlar tərəfindən qismən assimilyasiya edilib və ruslaşmaya məruz qalmış fin-uqor icmasını təmsil ediblər. Onlar XV əsrdən XIX əsrin sonlarına qədər Kurland əyalətinin Bauska rayonunda, Memelhof kəndi yaxınlığında yaşayıblar. Rəvayətə görə, onların əcdadları yerli torpaq sahibi tərəfindən satın alındıqdan sonra Oesel adasından (müasir Saaremaa) Rusiyaya köçüblər.
1846-cı ildə rus dilçisi Andrey Şyogren Kurlandın paytaxtı Mitava yaxınlığında öz ata-baba dillərini, Krevinq dialekti adlanan ləhcəsini itirən bir neçə krevinqli tapıb. XX əsrin əvvəllərində krevinqlər ənənəvi geyimlərində yalnız özünəməxsus xüsusiyyətlərini saxlayaraq, praktiki olaraq latışlarla birləşiblər.
Sayan samoyedləri
Nenets muxtar dairəsində, Tümen vilayətində, Taymır və Krasnoyarsk diyarında nenets, nganasans və selkup kimi samoyed xalqları hələ də yaşayır. Amma vaxtilə Sayan dağlarının dağ tayqasında yaşayan Sayan samoyedləri çoxdan yoxa çıxıblar. Onlar barədə ilk məlumatı isveçli coğrafiyaşünas Filipp İohann von Stralenberg 1730-cu ildə “Avropa və Asiyanın şimal və şərq hissələrinin tarixi-coğrafi təsviri” əsərində yazıb.
Sonralar Petr Pallas və Gerhard Miller kimi tədqiqatçılar bu itmiş mədəniyyəti daha dərindən araşdırıblar. XX əsrin əvvəllərində Sayan samoyedlərinin əksəriyyəti xakaslarla, qismən də tuvanlar, buryatlar və ruslarla birləşib.
Teptyarlar
Teptyarların mənşəyi sirr olaraq qalır. Bəziləri inanır ki, onlar Kazanı ələ keçirdikdən sonra İvan Qroznıdan qaçan tatarların nəslindəndirlər. Digərləri onları tatarların, başqırdların, çuvaşların, marilərin qarışıq icması kimi görüblər və zaman keçdikcə onlar ayrı bir təbəqəyə çevriliblər.
U. X. Raxmatullin hesab edib ki, ilk teptyarlar öz icmasından sıxışdırılıb çıxarılan başqırdlar olub. Bolşeviklər hakimiyyətə gəldikdən sonra teptyarlar milli kimliyini və öz kökünü itiriblər.
Tubinlər
Adıge xalqlarına mənsub olan Tubin tayfasının adı ilk dəfə XVIII əsrdə Rusiya tarixi sənədlərində çəkilib. General İvan Blaramberq “Qafqazın tarixi, topoqrafik, statistik, etnoqrafik və hərbi təsviri” əsərində onlar haqqında çərkəz dilinin qohum dialektindən istifadə edən Abedzexlərin müstəqil cəmiyyəti kimi yazıb.
Tubinlər öz qorxmazlığı ilə seçilib və Qafqaz dağlarının qarlı zirvələrinə qədər Pçeqa və Sqaqvaşa çaylarının mənbələrində uzaq və keçilməz əraziləridə yaşayıb. Rus imperiyasının Qafqazı işğal etməsindən və çərkəzləri deportasiyasından sonra tubinlər xalq kimi məhvə məhkum edilib.
Turalinlər
Sibir xalqları arasında turalinlər xüsusi yer tutur və onların tarixi dəfələrlə Gerhard Miller kimi tədqiqatçıların diqqətini cəlb edib. İrtış və Tobol arasında məskunlaşan turalinlər həm türk, həm də monqoloid xüsusiyyətlərini özündə birləşdirən Sibir tatarlarının ayrıca qolunu təmsil ediblər.
Onların əsas məşğuliyyətlərinə əkinçilik, maldarlıq, balıqçılıq, həmçinin kiçik ticarət və ovçuluq daxil olub. Rusların xalqları məhv etmək siyasəti turalinlərdən də yan ötməyib. Əksəriyyəti pravoslavlığı qəbul edən xalqın nümayəndələri bolşeviklərin gəlişindən sonra məcburi olaraq rus mədəniyyətinə assimilyasiya olunaraq öz milli kimliklərini itiriblər.
İlkin Nəcəf