Rusiyanın dövlət xəbər agentliyi TASS bu gecə yaydığı xəbərdə Azərbaycanı Xankəndidə ucaldılmış Ayvazovski büstünü sökməkdə ittiham edib. Söhbət Rusiya sülhməramlılarının himayəsi ilə Qarabağda yerləşdirilmiş erməni əsilli rus rəssamı İvan Ayvazovskinin (əsl soyadı Ayvazyan) büstündən gedir.
TASS bunu “mədəni irsə qarşı hörmətsizlik” adlandırmağa çalışsa da, Azərbaycan Xarici İşlər Nazirliyi dərhal adekvat və sərt mövqe ortaya qoydu: abidə qanunsuz inşa edilib və Azərbaycanın suveren hüquqlarına zidd şəkildə ucaldılıb. Ona görə də sökülməsi tam hüquqi əsaslara malikdir.
“Məsələ sadəcə bir büstlə yekunlaşmır. Bu abidə rus imperiya mədəniyyətinin, “böyük Rusiya” mifinin və simvolik işğalın bir parçası idi. Ayvazovski bir rəssam kimi deyil, erməni mənşəli, rus dilli və imperiyanın mədəni simvoluna çevrilmiş şəxsiyyət kimi Xankəndidə təbliğ olunurdu. Məqsəd aydındır: Qarabağ üzərindən yenidən “Rusiya izi” salmaq və bölgədə mədəni təsir zonası yaratmaqdır.” – bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, bu gün – Azərbaycan dili günü – bu prosesin qarşısını almaq daha da aktualdır.
“Çünki Rusiya Qarabağda mədəni təsir qurmaq üçün əvvəl erməniləri qaytarmağa çalışdı, alınmadı. Sonra Xankəndidə konsulluq açmağa cəhd etdi, bu da baş tutmadı. Nəhayət, Paşinyanı ittiham etməyə başladılar ki, “Qarabağ Azərbaycandır” dediyi üçün guya ermənilər bölgədən getdi. Rusiyanın növbəti addımı “heykəltəraşlıq diplomatiyası” oldu. Bu, bizə tanışdır – Krımda, Donetskdə, Luqanskda eyni ssenarini tətbiq etdilər. Heykəllərlə “şöhrət xiyabanları” yaratdılar, “xilas” nağıllarını uydurdular. İndi də eyni oyun Qarabağda səhnələşdirilir. Guya “tarixi yaddaş”, guya “mədəni irs” adı ilə büstlər, barelyeflər, rus klassikləri abidələri qoyurlar. Əslində isə məqsəd ideoloji torpaq işğalıdır – bu dəfə qılıncla yox, heykəllə. Azərbaycan isə bu oyunu pozdu. Ayvazovskinin büstü ona görə söküldü ki: Qanunsuz idi; Mədəni işğalın simvolu idi; Rus imperiya mədəniyyətinin təbliğinə xidmət edirdi; Azərbaycanın suverenliyinə zidd idi.Rusiya rəhbərliyinin dili ilə desək: “rus dilinin və rus çəkməsinin dəydiyi yer Rusiya torpağıdır”. ” – deyə Arzuman Muradlı bildirib.
Arzuman Muradlı qeyd edib ki, bu düşüncə Azərbaycan üçün qəbuledilməzdir.
“Qarabağ Azərbaycan torpağıdır – burada nə rus çəkməsi gəzməli, nə də rus heykəli qalmalıdır! Qardaş Ukraynada 2015-ci ildən bəri 1320-dən çox Lenin heykəli sökülüb. Ümumilikdə 2000-dən çox sovet abidəsi tarixdən silinib. Çünki onlar da gördülər ki, bu heykəllər sadəcə mərmər və tunc deyil – onlar mədəni kolonizasiya silahıdır. Azərbaycan da bu yolda qərarlıdır. Rusiya istədiyi qədər “büst diplomasiyası” ilə təsir qurmağa çalışsın. Azərbaycan xalqı bu oyunu görür və buna icazə verməyəcək. Qarabağda yalnız bizim tariximiz, bizim dilimiz, bizim mədəniyyətimiz olacaq. Bu torpaq bizimdir – bu mədəniyyət bizimdir!” – deyə politoloq əlavə edib.