Rusiyanın nəhəng enerji şirkəti “Lukoil”in Bolqarıstandakı aktivləri uğrunda mübarizə həlledici və ən gərgin mərhələyə qədəm qoyub. İqtisadi məsələ artıq böyük siyasətin tərkib hissəsinə çevrilib.
Bu həftə Bolqarıstan Xalq Məclisi “İnvestisiyalar haqqında Qanun”a dəyişiklik edib. Yeni düzəlişə əsasən, “Lukoil”in aktivlərinin satışı yalnız Dövlət Milli Təhlükəsizlik Agentliyinin (DMTƏ) yoxlamasından və Nazirlər Kabinetinin təsdiqindən sonra mümkündür. Formal olaraq qərar məntiqli görünür, çünki söhbət strateji obyektlərdən — illik 9,5 milyon ton emal gücünə malik neftayırma zavodundan, yanacaqdoldurma məntəqələri şəbəkəsindən və Qara dəniz sahilindəki Burqas limanında bunkerləşdirmə biznesindən gedir.
Lakin qərarın arxasında siyasi manevr gizlənir. Bolqarıstan Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pislədikdən sonra “Lukoil” 2022-ci ilin sonundan etibarən yerli aktivlərini satmaq üçün alıcı axtarır. Hazırda şirkətin açıq beynəlxalq tenderində yeganə hüquqi əsaslı iştirakçı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin “Cengiz Holding”indən ibarət konsorsiumdur. Hər iki şirkət artıq uzun müddətdir Bolqarıstanda fəaliyyət göstərir və şəffaf fəaliyyətləri ilə tanınır. Konsorsium bu aktivlər üçün 2–2,5 milyard dollar təklif etməyə hazırdır.
Əvvəl “Lukoil” özü satışla bağlı son qərarı verə bilirdi, çünki Bolqarıstan hökuməti şirkətin müşahidə şurasında “qızıl səhm”ə malik olsa da, bloklayıcı səs hüququna malik deyildi. Ancaq parlamentin son qərarı ilə vəziyyət dəyişib. Parlamentdə üstünlük qazanan Boyko Borisovun rəhbərlik etdiyi “GERB” partiyası və Delan Peyeviskinin həmsədr olduğu “Hüquq və Azadlıqlar Hərəkatı” bu qərarın qəbulunda əsas rol oynayıb.
Rəsmilər bu addımı milli təhlükəsizlik maraqları ilə əsaslandırır: guya “Lukoil” ölkədə yanacaq bazarına təsir edən müəssisələr şəbəkəsi qurub və rusiyalı sahiblərin qalması təhlükə yarada bilər.
Lakin analitiklər və müxalifət bununla razılaşmır. Bolqar politoloqu İliyan Vasilev hesab edir ki, yeni qanun dəyişiklikləri əslində Borisov və Peyeviskiyə xüsusi xidmət orqanları vasitəsilə iri biznes sövdələşmələrinə siyasi nəzarət imkanı yaradır. “Bu mexanizm vasitəsilə çoxmilyardlıq razılaşmalara məhkəmə nəzarəti olmadan müdaxilə etmək mümkün olacaq,” — deyə ekspert bildirib.
Onun sözlərinə görə, bu qərar Avropa İttifaqının 2019/452 saylı investisiya yoxlaması qaydalarına da ziddir. Bu dəyişikliklər investorların taleyini “xüsusi xidmət orqanlarının ekspert rəyləri” əsasında müəyyən edən qeyri-şəffaf sistem yaradır və nəticədə siyasi çevrələrə yaxın iqtisadi qrupların formalaşmasına şərait yaradır.
Gərginlik The Wall Street Journal qəzetinin dərc etdiyi materialdan sonra daha da artıb. Məlumata görə, Boyko Borisov bu il Donald Trampın kiçik oğlu ilə görüşərək “Lukoil”in aktivlərini amerikalı investorlarla əvəzləmək ideyasını irəli sürüb. Bunun əvəzində o, “Maqnitski Aktı” sanksiyalar siyahısından keçmiş maliyyə naziri Vladislav Qoranovun adının çıxarılmasını təklif edib. Borisov bu iddiaları rədd edib və bildirib ki, “Lukoil” məsələsini yalnız keçmiş baş nazirlər Kiril Petkov və Nikolay Denkov müzakirə ediblər.
WSJ yazır ki, gənc Tramp bu təkliflərə təəccüblə yanaşıb və mövzuya maraq göstərməyib. Məqalədə həmçinin Tramp ailəsinə yaxın amerikalı biznesmen Gentry Beach-in də adı çəkilir — o, Bolqarıstanda, o cümlədən Burqas neftayırma sahəsində sərmayə imkanları axtarıb və guya Tramp ailəsinin dəstəyinə malik olduğunu iddia edib.
Bu hadisələr Bolqarıstanda siyasi gərginliyi artırıb. “Bəli, Bolqarıstan” partiyasının nümayəndəsi İvaylo Mirçev bildirib ki, “Lukoil” artıq konkret alıcı ilə razılaşma mərhələsində idi və Borisovla Peyeviski tərəfdarlarının qəfil hərəkətləri ABŞ mediasındakı yazı ilə birbaşa bağlıdır. Onun fikrincə, siyasətçilərin müdaxiləsi Avropa Komissiyası ilə toqquşma, milli qanunların pozulması və ABŞ-la münasibətlərdə gərginliyə səbəb ola bilər.
Beləliklə, “Lukoil”in Bolqarıstandakı aktivləri ətrafında çoxsəviyyəli iqtisadi, siyasi və geosiyasi mübarizə gedir. SOCAR–Cengiz konsorsiumu hələ də sövdələşməni başa çatdırmaq şansını saxlayır, lakin proses indi intriqalar və təzyiqlərlə dolu siyasi atmosferdə davam edir.
“Lukoil” Bolqarıstandakı fəaliyyətindən artıq 10 milyard rubl itkiyə məruz qalıb və ölkədən çıxışını yekunlaşdırmaq niyyətindədir. Bunun necə baş verəcəyi isə qarşıdakı aylarda məlum olacaq.haqqin.az