image-rt-reklam
image-1backend

Ruhu yaralı qadın – Gülər Mübariz yazır

image-728x90

Xocalı soyqırımı zamanı səkkiz gün erməni əsirliyində qalan Dürdanə Ağayevanın ölüm xəbəri məni sarsıtdı. 8 gün cəhənnəm əzabına şahidlik edən məğrur qadın xəstəlik qarşısında aciz qaldı. 52 yaşlı Dürdanə xanım onkoloji xəstəliyin caynağından xilas ola bilmədi…

Xəbəri oxuyandan düşüncələrim əsir düşüb, əsir qadın…

Səndən yazsam, gecmi olar? Yarana məlhəm ola bilmədik, illər qaysaq bağlatdırdı sadəcə. Yaşana biləcək faciənin ən acısı ilə başladın həyata; gəncliyinin çiçək açacağı bir dövrdə yaddaşlardan silinməyəcək bir acı ilə atıldın həyata, kül olmuş bir kimliyə bürünərək ayağa qalxdın.

İndi bu yarandan yazsam, çoxmu gec qalmış sayılaram? Atdığım daş topuğuna da dəyməz, bilirəm. Yaralı qadın, dərdi bütün dərdlərdən ötə sayalı qadın. Torpağına qovuşdun, söndümü qəlbinin atəşi, bəxti qaralı qadın?

Xatırlayaqmı birdə o yaraları? Tanıyaqmı birdə səni?

Çətik meşəsinə qaçan əliyalın sakinlər arasında 20 yaşlı Dürdanə Çingiz Mustafayevin Xocalı qurbanlarını çəkdiyi yerdə yaralanmışdı. Qardaşı Eldarla birgə əsir götürülmüşdü.

Ayağından güllə yarası alan Dürdanənin 8 gün erməni zindanında nələrə məruz qaldığını düşünmək belə insanın qanını dondurarkən sən nələr yaşadın, qadın? Əslində bilirəm, amma yaza bilmirəm; nə əlim gəlmir, nə də qəlbim dözmür.

Başına gələn bütün müsibətlərə baxmayaraq D.Ağayeva əsirlər geri qaytarılanda qardaşına görə gizlənərək ermənilərin əlində qalmağı seçəcək qədər azərbaycanlı qadını idi—içi ailə sevgisi ilə dolu. Qardaş sevgisi onu Xocalı qurbanlarından etdi, amma peşman etmədi: “Mən xoşbəxt bacıyam ki, işgəncələrə, təhqirlərə, sağlamlığımı itirməyimə baxmayaraq qardaşımı əsirlikdən çıxara bildim”.

Əsgərandakı həmin zirzəmidə 50-60-a yaxın qadın və uşaq vardı. Onları o əsirlikdən Milli Qəhrəman Allahverdi Bağırov xilas edir. D.Ağayevanın sözlərinə görə, A. Bağırov onları bir gecənin içərisində benzinə, siqaretə geri almışdı.

“Gəncliyim, cavanlığım orada getdi. Erməni mənim keçmişimi də, gələcəyimi də paramparça etdi”. Sənin bu sözlərini eşidən bütün azərbaycanlılar boğuldular sanki, illərlə üzünə çıxa bilmədilər. Bu ağırlıq hamımıza yara oldu, başımızın sinəmizdəki yeri oldu, gözümüzün xəcalətdən zilləndiyi torpaq oldu.
“Sən türk olmağının cəzasını çəkəcəksən.” deyib çəkdirdilər, amma məğlub edə bilmədilər. Əydilər, sındıra bilmədilər insan adına ləkə gətirənlər. Sən öz qadınlığınla onların bütün kişilərindən üstün idin, elqızı. Dərdinə qadınlar qurban, zəif sayılıb əzilən qadınlar. Sən qadın adına biçilən zəiflik donunu artıq yük kimi atdın üzərindən, özünə yaraşanı seçdin. Sən bizə-Azərbaycan qadınına örnək oldun, gücün simvolda yox, xarakterdə,mənlikdə olduğunu sübut etdin.

Ruhun haqqın rəhmətinə azad və bütöv Azərbaycanda qovuşdu, torpağına qalib qayıtdın, ərklə açdın yurdunun cənnət qapısını. Rahatsanmı daha? Hər insan ölümü dadacaqdır,əlbət, sənin vaxtsız gedişindən çox, çəkdiklərin yandırır bizi, biləsən. Qadın olaraq ölümünə yox, zülümünə ağlayıram. Göz yaşımız cənnətində halalın, rahatlığın olsun, qarabağlım.

Gücündən güc alanların heç biri oxşar tale yaşamasın, Allah birdə bu acını yaşatmasın xalqıma. Başın sağ olsun, Xocalım…

Gülər Mübariz

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90