Ermənistan hakimiyyəti Türkiyə ilə sərhədlərin açılmasına və diplomatik münasibətlərin qurulmasına hazır olduğunu bəyan edib. Bu barədə Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan açıqlama verib.
“Ermənistan tərəfindən heç bir maneə yoxdur, biz sərhədlərin açılmasına və diplomatik münasibətlərin qurulmasına sabahdan hazırıq”, – deyə Rubinyan bildirib.
O, həmçinin Ermənistanın yaxın günlərdə Pakistanla diplomatik münasibətləri bərpa etdiyini xatırladaraq bunu “əhəmiyyətli hadisə” adlandırıb: “Ümid edirəm ki, yaxın vaxtlarda Türkiyə ilə də oxşar addım atacağıq”.
Rubinyan qarşıdakı günlərdə türkiyəli həmkarı Serdar Kılıçla görüşəcəyini vurğulayıb. Onun sözlərinə görə, Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmalar regional proseslərə müsbət təsir göstərir.
Görüşün Yerevanda, yoxsa sərhəd bölgəsində keçiriləcəyi hələlik dəqiqləşməyib. Rubinyan bildirib ki, bununla bağlı məlumat yaxın zamanda açıqlanacaq.
Diplomat əlavə edib ki, 2023-cü ildə bağlanmış, üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhəd-keçid məntəqələrinin açılmasını nəzərdə tutan razılaşma hələ icra olunmayıb. O, tezliklə bu razılaşmanın həyata keçiriləcəyinə ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Türkiyənin NTV telekanalının məlumatına görə, gələn həftə tərəflər ilk dəfə nümayəndə heyətləri səviyyəsində görüş keçirəcək. Serdar Kılıçın rəhbərlik etdiyi türk nümayəndə heyətinin “Alıcan” sərhəd-keçid məntəqəsindən Ermənistana daxil olacağı bildirilir. Tərəflər münasibətlərin normallaşdırılması və əvvəlki qərarların icrası ilə bağlı məsələləri müzakirə edəcəklər. Ermənistan XİN görüşdə iştirakını təsdiqləyib.