image-2000x150
image-resulzade-696x434backend

Rəsulzadənin vəfatından 68 il ötür

image-728x90

Bu gün Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib, 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski və digərləri ilə birlikdə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra İ. Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, o, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək xaricə üz tutub.

Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.

1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili “Cümhuriyyət ili” elan edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90