Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əlaqələr son dövrdə daha da genişlənməkdədir.
Avqustun 19-da Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri bu baxımdan diqqət çəkir. Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, habelə dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Tarixi xarakter daşıyan rəsmi səfər ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcəkdir.
Rəsmi səfərdə verdiyi bəyanatda humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirildiyini, Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb olduğunu, bu məktəblərdə 160 min şagirdin təhsil aldığını, 800 mindən çox şagirdin rus dilini ikinci dil kimi öyrəndiyini, Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölməsi olduğunu diqqətə çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filiallarının uğurla fəaliyyət göstərdiyini xatırlatmışdır.
İki dövlət arasında iqtisadi əlaqələrin də genişləndiyini bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, həmçinin qeyd etmişdir ki, ildə 30 milyon tonadək yükün daşınması realdır. Hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər. Cari il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutulub.
Avqustun 19-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış “Azərbaycan Respublikasının ixracın və investisiyaların təşviqi Agentliyi – AZPROMO ilə “Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqlim dəyişmələri və aşağı karbonlu inkişaf üzrə Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibbi təhsil və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş” kimi sənədlər imzalanmışdır.
Bu rəsmi səfər dövlətlərarası münasibətlərdə əhəmiyyətli rol oynayacaqdır.
Səbinə XASAYEVA,
VI çağırış Milli Məclisin deputatı