image-2000x150
image-1backend

Rauf Vəliyev azərbaycanlı uşaqların pulunu kəsdi: Əcnəbilərə verir

image-728x90

“Səbail” klubunun aşağı yaş qrupları üzrə komandaların düşərgəsində vəziyyət yaxşı deyil. Paytaxt təmsilçisinin uşaq futbolunda heç də xoş olmayan hadisələr baş verir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” idarəsinin – ASCO-nun himayəsində olan klubun aşağı yaş qrupları üzrə komandalarının bir hissəsi Qaraçuxur qəsəbəsində yerləşən, artıq fəaliyyətdə olmayan “Rəvan” klubunun akademiyasında məskunlaşıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, əvvəllər uşaqlar üçün buraya gəlmək o qədər də çətin deyidi. Çünki “Səbail” akademiyaya gələn azyaşlı futbolçular üçün avtobuslar ayırmışdı. Nəqliyyat vasitələri onları məşq edəcəkləri məkana gətirir, sonda isə əks istiqamətdə aparırdı. Bu, uşaqlar üçün olduqca əlverişli idi.

Ancaq bir müddətdir “dənizçilər” uşaqlar üçün ayrılan avtobusları ləğv ediblər. Səbəb kimi klubdakı maliyyə problemləri əsas göstərilib. Bu göstərişin klubun baş sponsoru olan ASCO tərəfindən verildiyi bildirilir. Bu da uşaqların məşqlərə gedib-gəlməsinə çətinlik yaradır. Şəraitsiz, meydançası yararsız vəziyyətdə olan “akademiya”da futbolla məşğul olmağa çalışan azyaşlılar indi nəqliyyat baxımından da problem yaşayırlar.

Övladlarının üzləşdiyi çətinliyi görən valideynlər çıxış yolunu onları klubdan ayırmaqda görüblər. Kütləvi şəkildə azyaşlı futbolçular “Səbail”i tərk etməyə başlayıb.

Məsələ ilə bağlı “Səbail”in də mövqeyini öyrəndik. Paytaxt klubunun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov sorğumuzu belə cavablandırıb:

“Səbail” Peşəkar Futbol Klubuna akademiyanın fəaliyyəti ilə bağlı bu və ya digər formada heç bir şikayət daxil olmayıb. Akademiyamızın bütün yaş qruplarında çıxış edən uşaq və yeniyetmə futbolçular zəruri geyim, top, oyun və məşq üçün zəruri olan digər avadanlıqlarla təmin olunub. Eyni zamanda, komandalarımızın oyunlara getməsi üçün müvafiq qaydada nəqliyyat vasitəsi ayrılır. Məşqlər üçün nəqliyyat vasitəsinin ayrılmasına gəlincə, klubun belə bir öhdəliyi yoxdur”.

Çox maraqlıdır, cari mövsümdə “Səbail”in iştirak ərizəsində 11 legionerin adı var. Təkcə yay transfer pəncərəsində 7, qış fasiləsində isə 2 əcnəbi futbolçu transfer edilib. Bu qədər gəlmənin xidmətindən yararlanan klubun faktiki olaraq heç bir məqsədi, strategiyası, hədəfi yoxdur. Paytaxt təmsilçisi əcnəbilərə ildə 2-3 milyon dollar məvacib ödəməyə pul tapır. Di gəl ki, Rauf Vəliyevin sədri olduğu ASCO uşaq futboluna bu məbləğin 1/10 hissəsini belə qıymır. Vəliyev azərbaycanlı uşaqların pulunu kəsib əcnəbilərə verir. Yəqin ki, Azərbaycana sevgisindəndir…

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90