Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu ötən gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev haqqında verilən ev dustaqlığı qəti-imkan tədbirinə münasibət bildirərkən deyib.
O bildirib ki, Ramiz Mehdiyev təlimatları daim Kremldən alırmış: “Vaxtilə MDB prezident aparatları rəhbərlərinin Moskvada tədbirləri keçirilirdi, ildə bir dəfə Ramiz Mehdiyev ora gedirdi və Moskvadan müəyyən təlimatlar alırdı. Həmin təlimatlar əsasında Azərbaycanda siyasət həyata keçirirdi. Demokratik qüvvələrin Azərbaycanda və parlamentdə təmsil olunmamasının bilvasitə açıq şəkildə qarşısını alırdı. Bunu da onunla əsaslandırırdı ki, onların parlamentə düşməsi guya Azərbaycanla Rusiyanın əlaqələrinə mənfi təsir edə bilər.
Ölkədə aparılan siyasi repressiyaların 90 faizinin rəhbəri Ramiz Mehdiyevdir. İş adamlarına, siyasətçilərə, jurnalistlərə qarşı milli ruhlu repressiyaların günahkarı Ramiz Mehdiyevdir. Ramiz Mehdiyev vəzifədə olduğu müddətdə bir dəfə də olsun Türkiyəyə, Avropaya səfər eləməmişdi. Amma dəfələrlə Rusiyaya səfər edirdi. Avropa-Azərbaycan, ABŞ-Azərbaycan əlaqələrinin pozulmasında “müstəsna” xidmətləri var idi. Kadrların yerləşdirilməsi demək olar ki, 90 faiz Ramiz Mehdiyevin nəzarəti altında idi”.
S.Cəlaloğlu Mehdiyev haqqında həbs qərarının verilməsini isə belə izah edib: “Bilirsiniz ki, Azərbaycan-Rusiya münasibətləri pozulandan sonra Azərbaycanda rusiyapərəst qüvvələrin fəallaşması gözləniləndir. Görünür Ramiz Mehdiyev həmin qüvvələrin aktiv şəkildə hərəkətə gətirilməsinə göstəriş verib. Çünki Mehdiyevin külli miqdarda vəsaiti var. Dövlət vəsaitlərinin dağdılmasında onun “müstəsna” rolu var.Təkcə bir faktı deyim ki, həyat yoldaşına 65 milyon dollarlıq subsidiya ayırmışdı. Yəni, bu adamın Azərbaycanın sosial-iqtisadi həyatında qeyri-adi dərəcədə mənfi təsirləri var”.
Partiya sədri vurğulayıb ki, R.Mehdiyev hətta mənəvi sferaya da ciddi təsir edirdi: “Bir faktı da deyim ki, Ramiz Mehdiyev Bakıda azanın ucadan verilməsini qadağan etmişdi. Bildirmişdi ki, xaricilər narahat olurlar. Bir sözlə Ramiz Mehdiyev buradakı ruspərəst qüvvələrin başçısı idi. Təbii ki, hazırda Ramiz Mehdiyevin siyasətdə, iqtisadiyyatda, hüquqi sferalarda və sairə vəzifələrdə zamanında yerləşdirdiyi adamlar var. Onların hamısı Azərbaycan dövlətinə yox, Rusiyanın maraqlarına xidmət edirlər. Mən şadam ki, nəhayət, bu qərar qəbul edildi. Yazdığım kitabı oxusanız hər şeyi açıq-aydın görəcəksiniz”.sitat.info