Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə sayılı günlər qalır. Seçkilərə ciddi hazırlıqlar gedir. Hakim Yeni Azərbaycan Partiyası da bu seçkilərə ciddi hazırlaşır. Bir müddətdir ki, hakim Yeni Azərbaycan Partiyası öz namizədlərinin siyahısını açıqlayıb. Görünən odur ki, hakim partiya bu seçkilərdə ən iddialı namizədləri önə çıxarıb.
Hakim partiya bu seçkilərdə daha yeni namizədlərə üstünlük verib.
Ulusal.az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasının 59 saylı Quba seçki dairəsindən namizədi Əlibala Səttar oğlu Məhərrəmzadədir.
Əlibala Məhərrəmzadə 9 avqust 1976-ci ildə Quba şəhərində anadan olub.
1982-ci ildə Quba şəhəri 3 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 9-cu sinifə qədər həmin məktəbdə təhsil almışdır. 10 -11-ci siniflər üçün tədris ilini Bakı şəhəri, Nəsimi rayonu 151 saylı orta məktəbdə davam etdirmişdir.
1993-1997-ci illərdə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun (UNEC) İdarəçilik fakültəsində bakalavr pilləsi üzrə təhsil almışdır. Həmin təhsil illəri müddətində Ulu Öndər Heydər Əliyev və “Türk Dünyası Araşdırma Vakfi” nın rəhbəri olmuş Turan Yazqanın təşəbbüsü ilə Türkiyənin Boğazıçı Universitetində təhsil almaq üçün yollanan azərbaycanlı tələbələrin qrupunda yer alıb. 1995-1996-cı tədris ilini Boğazıçı Universitetində davam etdirib. 1997-1999-cu illərdə İstanbul Universitetinin İqtisadiyyat fakültəsinə daxil olaraq magistr pilləsini müvəfəqiyyətlə başa vurmuşdur. İqtisad elmləri doktoru, professordur.
1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
1999-2000-ci illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarda həqiqi hərbi xidmət keçmişdir.
2001-ci ildə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə Universitetində (UNEC) Auditin təşkili və nəzəriyyəsi fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır. 2006-ciı ildə “Caspian Audit Company”MMC-ni təsis edərək, həmin şirkətə rəhbərlik edib.
2016-cı ilin iyulunda Azərbaycan və Ukrayna Prezidentləri tərəfindən Azərbaycanda Ukrayna Ticarət Evi, eyni zamanda, Ukraynada Azərbaycan Ticarət Evi yaratmaq təşəbbüsü irəli sürülüb. Ukrayna Prezidenti Vladimir Zelenskinin 2019-cu ilin dekabrında Azərbaycan Respublikasına rəsmi səfəri zamanı “Ukrayna Ticarət Evi”nin açılışı olub.Həmin vaxtdan etibarən Əlibala Məhərrəmzadə Azərbaycanda Ukrayna Ticarət Evinə rəhbərlik edir. 2019-cu ildə Ukrayna Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində Quba və Ukraynanın Truskavets şəhəri “Qardaşlaşmış şəhər” elan olunub. Bunadan sonra Quba rayonunun coğrafi iqlim şəraiti, turizm potensialı nəzərə alınaraq Əlibala Məhərrəmzadə tərəfindən Truskavets təcrübəsi əsasında “Şahdağ Quba Truskavets” Tibbi Sanatoriyası təsis edilib. 700 nəfərdən artıq pasienti eyni vaxtda qəbul etmək imkanına malik müalicə müəssisəsi 400 yeni iş yerinin yaradılması ilə regionun sosial-iqtisadi həyatında mühüm rol oynayır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci ilin fevralında Ukraynaya rəsmi səfəri çərçivəsində Əlibala Məhərrəmzadə Azərbaycan-Ukrayna iqtisadi münasibətləri, humanitar-mədəni əlaqələrinə verdiyi töhfələrə görə Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən III dərəcəli “Xidmətə görə” ordeni ilə təltif olunub. Bundan başqa, Ukrayna Baş Nazirinin Fəxri Diplomu, Ukrayna Ali Radasının minnətdarlıq ordenlərinə layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyi, eyni zamanda Rusiya Federasiyasının Yazıçılar İttifaqının üzvüdür. Onlarla roman və povestin müəllifi, motivasiya spikeridir. Azərbaycan Yazıçılar Birliyinin Rəsul Rza mükafatı, Rusiya Federasiyasının Fyodr Dostoyevski medalı laureatıdır. BMT-nin tərəfdaşlığı və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən Avrasiya Materikinin Ədəbiyyat üzrə 4-cü LiFFt festivallar festivalına koordinatorluq etmişdir.
İqtisadiyyat sahəsində ekspert, siyasi şərhçi kimi Azərbaycan Televiziyası (Aztv), CBC kanalı və bir çox media platformalarında mütəmadi çıxışlar edir.
2010-cu ildə Bakı,şəhəri 20 saylı Nərimanov ikinci seçki dairəsindən, 2019-cu ildə isə 52 saylı Quba seçki dairəsindən Parlament seçkilərində namizədliyi qeydə alınıb.
Ukrayna Milli Televiziyası tərəfindən çəkilən və nümayiş olunan «Heydər Əliyev: Liderlik dərsi» adlı sənədli filmin ssenari müəllifidir. Məhz, bu yaradıcı fəaliyyətinə görə Ukraynanın Müqəddəs Georgi ordeni ilə təltif olunub. Azərbaycan orta əsrlər tarixini əks etdirən “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii-sənədli filminin prodüseri olan “Shahdag Cinema Production” MMC -nin təsisçisidir.
2015-ci ildə Quba-Qusar-Xaçmaz regionunda gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, vətənpərvərlik ruhunda böyüməsi üçün sosial əsaslarla “Şahdağ İdman Klubu” təsis edib. İki dünya çempionu, onlarla respublika və bir sıra beynəlxalq səviyyəli yarışların qalibi məhz, “Şahdağ İdman Klubunun” yetirməsidir.
Rus, ingilis və türk dillərini bilir.
Ailəlidir, 4 övladı var.