İkinci Qarabağ müharibəsi Azərbaycanın apardığı ədalətli müharibə idi. Müharibənin ilk günlərində düşmənin müdafiə sədləri dağıdıldı, ordu hissələrimiz döyüşə-döyüşə mövqe qələbələri qazandı.
Sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri və Murovdağ istiqamətində yüksəkliklər işğaldan azad edildi. Bu qələbələr Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu yüksəltdi. Sonrakı döyüşlərdə düşmən daha böyük itkilərə məruz qaldı.
Ordumuz oktybarın 25-də Qubadlı rayonunu işğaldan azad etdi.
Qubadlı 1993-cü il avqustun 31-də işğal edilmişdi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmışdı, yararsız vəziyyətə salınmışdı. İşğal müddətində xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin vəsaiti ilə Xanlıqda qəsəbə salınmışdı. Bu, işğalçılığın beynəlxalq miqyasda təzahürü demək idi…
Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Qubadlını azad etmək üçün düşmənin hərbi birləşmələri yerləşən ətraf yüksəkliklər nəzarətə götürüldü. Xanlıq, Padar, Sarıyataq kəndləri azad edildikdən sonra strateji yüksəkliklər alındı. Oktyabrın 25-də ordu hissələrimiz şəhəri düşməndən təmizlədi.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis olundu.
Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən, igidlik və şücaətinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr – Qubadlı Şəhəri Günü kimi müəyyən edildi. .
İşğaldan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qubadlıya ilk səfəri dekabrın 23-də oldu. Həmin gün Qubadlıda Azərbaycan Bayrağı ucaldıldı. Cənab Prezidentin Qubadlıya 2021-ci il oktyabrın 25-də səfəri zamanı Xanlıq-Qubadlı yolunun təməli qoyuldu, “Qubadlı” yarımstansiyasının açılış mərasimi oldu, 2023-cü il mayın 4-də Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yeri olan tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirildi…
Qubadlı da yenidən qurulur, inkişaf edir. Qubadlı Şəhəri Günü bu inkişafın coşqusunda qeyd edilir…
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı