Qubadlı şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. Ölkəmizin cənub qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad olunması böyük Qələbəni daha da yaxınlaşdırdı. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsi hesab edilir. Hər bir qarış torpağımızın azad edilməsi sözsüz ki, xalqımız üçün böyük qürur və iftixar hissi ilə qarşılanır. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.
Qubadlı rayonu ölkəmizin cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Rayon ərazisində zəngin tarixi mədəni və dini abidələr mövcuddur. Coğrafi mövqeyinə görə Qubadlı olduqca əlverişli bir bölgədə yerləşir. Əsasən dağlıq relyefə malik olan Qubadlı Ermənistanla 120 km məsafəyə malikdir. Rayon şimaldan Laçın, Xocavənd rayonu, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Həkəri və Bərgüşad çaylarının ətrafında yerləşən Qubadlının zəngin torpaq örtüyü var. Rayon həmçinin təbii faydalı qazıntılarla zəngindir.
1988-ci ildən başlayaraq Еrmənistan Qubadlı rayonuna müxtəlif istiqamətlərdən təcavüzkar hücumlar başladıb. Bu hücumlar nəticəsində dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilib. İşğal dövründə isə rəsmi İrəvan Qubadlıda Cenevrə konvensiyalarına zidd olaraq qanunsuz məskunlaşma apararıb. Erməni lobbisinin maddi dəstəyi ilə Qubadlının Xanlıq kəndində qanunsuz olaraq qəsəbə salınıb və məskunlaşma həyata keçirilib. Təbii ki, heç vaxt işğal faktı ilə barışmayan Azərbaycan xalqı və qalib dövlətimiz II Qarabağ müharibəsinin gedişində Qubadlının Ermənistanın işğalından azad edilməsi ilə strateji əhəmiyyət kəsb edən bir bölgəni öz nəzarətinə qaytarmış oldu. Sözsüz ki, müharibənin gedişatında bu olduqca vacib olan dönüş nöqtələrindən biri idi. 2020-ci ilin 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında Müzəffər Ordumuz qarşısında aciz qalan düşmən Qubadlını tərk etdib.
23 dekabr 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlıya səfəri zamanı Qubadlıda Azərbaycan bayrağını ucaltmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyat canlanır. Burada yeni müasir standartlara cavab verən yaşayış kompleksləri, infrastruktur qurulur. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır.
Dövlətimizin hərtərəfli qayğısını öz üzərlərində hiss edən qubadlılar da inanırlar ki, tezliklə doğma yurdları Azərbaycanımızın çiçəklənən diyarına çevriləcək.
Qubadlı Şəhər Gününün qeyd edilməsi münasibət ilə bütün qubadlıları və Azərbaycan xalqını təbrik edirəm.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı