Tezliklə ən böyük neft qıtlığı qeydə alına bilər.
Qlobal neft bazarları gələn rübdə gündə 3 milyon bareldən çox tədarük kəsiri ilə üzləşəcək. Bu isə Səudiyyə Ərəbistanının hasilatın azaldılmasını uzatması ilə on ildən çox müddətdə ən böyük kəsir ola bilər. Bu barədə “Bloomberg” məlumat yayıb.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) çərşənbə axşamı açıqladığı hesabatda deyilir ki, bu rübdə kəskin şəkildə azalan qlobal neft ehtiyatları növbəti üç ay ərzində hər gün təxminən daha 3,3 milyon barel azalacaq.
Bildirilir ki, Avropada dizelin qiymətləri artıb və ABŞ aviaşirkətləri sərnişinlərə daha yüksək xərclərə hazır olmaları barədə xəbərdarlıq edir.
Bu, hətta ABŞ prezidenti Co Bayden üçün siyasi problemə çevrilə bilər, çünki o, gələn il yenidən seçki kampaniyasına hazırlaşarkən, yerli benzinin qiymətləri gallon üçün 4 dollara yaxınlaşır. Ağ Ev bildirib ki, Səudiyyə Ərəbistanının hərəkətləri onun iqtisadi səylərini çətinləşdirmir.
Hesabata görə, OPEC-in 13 üzvü rübdə gündəlik orta hesabla 27,4 milyon barel və ya təşkilatın istehlakçıların ehtiyac duyduğundan təxminən 1,8 milyon barel az hasil edib. Təşkilat istehsal həcmini qrup lideri Səudiyyə Ərəbistanının planlaşdırdığı kimi eyni səviyyədə saxlasa, ilin son üç ayında tələb və təklif arasındakı fərq demək olar ki, iki dəfə artacaq. OPEC, istehlakı qarşılamaq üçün dördüncü rübdə gündəlik 30,7 milyon barel tədarük etməli olduğunu təxmin edir.
“Bloomberg Economics” hesab edir ki, Səudiyyə Ərəbistanı hökumət xərclərini, eləcə də vəliəhd şahzadə Məhəmməd bin Salmanın iddialı layihələrini ödəməkdən ötrü barrel üçün təxminən 100 dollar qiymətə ehtiyac duya bilər. OPEC və müttəfiqləri gələn il üçün hasilat siyasətlərini nəzərdən keçirmək məqsədilə noyabrın 26-da görüşməlidirlər.