Zahidikəhriz Abbasov kamera yoldaşını niyə öldürüb-özü danışdı…
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə 1974-cü il təvəllüdlü Zahidikəhriz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. O, Qobustan qapalı həbsxanasında kamera yoldaşını qətlə yetirməkdə ittiham olunur.
Aprelin 13-də keçirilən iclasda prokuror Valeh Ələkbərov ittiham aktını elan edib.
Ölümlə nəticələnən hadisə ötən ilin sentyabrın 2-də Qobustan həbsxanasının 4-cü korpusundakı 410-cu kamerada baş verib. Zahidikəhriz Abbasov kamera yoldaşı Oleq Abişevin söyüş söyməsinə etiraz edib. Oleq Abişev Z.Abbasovun etirazlarına məhəl qoymayıb. Bu səbəbdən o, Oleq Abişevi əvvəlcə yumruq zərbələri ilə vurub. Sonra qaldıraraq yerə çırpıb. Oleq müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, yerdən qalxaraq stəkan götürərək Zahidikəhrizin üstünə hücum çəkib. Bu zaman Zahidikəhriz Oleqin əlindən stəkanı alaraq onun başına vurub.
Dalaşanlar kameraya gələn həbsxana nəzarətçilərinin xəbərdarlıqlarına məhəl qoymayıblar. Nəzarətçilər bibər qazından istifadə edərək onları ayırıblar. Oleq Abişev müalicə müəssisəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Oleq 2022-ci il sentyabrın 10-da müalicə müəssisəsində vəfat edib.
İstintaq orqanı tərəfindən Zahidikəhriz Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İttihama münasibət bildirən Zahidikəhriz Abbasov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib: “Mən Oleqlə dava etmişəm. Niyyətim onu öldürmək olmayıb. Onu öldürmək niyyətim olsaydı, ona daha ağır zərbələr vurardım. Qəsdən adam öldürmə ittihamı mənə düzgün verilməyib. Qəsdən adam öldürmə ittihamı o zaman verilir ki, şəxs hadisə yerində ölür. Amma biz dava etmişik. Xəsarət alan Oleq xəstəxanaya yerləşdirilib. Orada bir neçə gün sonra vəfat edib. Mən ancaq özümü dava etməkdə təqsirli bilirəm”.
Zahidikəhriz Abbasov deyib ki, hadisə söyüş üstündə yaranıb: “Biz kamerada 3 nəfər olmuşuq. Mən siqaret çəkən olmamışam. Amma Oleq və digər məhkum Səmədağa Hənifəyev siqaret çəkən olublar. Həbsxana rəhbərliyi həmişə Oleqə hörmət edib və siqaret çəkdiyi üçün ona həmişə 1 qutu siqaret veriblər. Normalda hər gün məhkuma 10 ədəd siqaret verilir. Amma Oleqə həmişə hörmət edilib, ona 1 qutu verilib. Bir qutuda da siqaret 20 ədəd olub. Dava olan günü Oleqə siqaret verdilər, amma yandırmaq üçün kibrit vermədilər. Səmədağa ona siqareti yandırmaq üçün kibrit verdi. Sonra dedi ki, yatmağa gedir, oyananda yenə də siqaretini yandırmaq üçün ona kibrit verəcək. Yarım saat sonra Oleq siqaret çəkmək istədi. Amma yandıranı olmadı. Buna görə də ad çəkmədən ünvansız söyüşlər işlətdi. Mən buna etiraz etdim, söyüşləri kimə ünvanlaması ilə bağlı ad çəkməsini istədim. Amma Oleq yenə də ad çəkmədən söyüşlər işlətməkdə davam etdi”.
Təqsirləndirilən şəxs deyib ki, Oleqin söyüş söyməsi ilə bağlı həbsxana nəzarətçilərini çağırıb: “Onlara izah etmək istəmişəm ki, Oleqə niyə kibrit verməyiblər. O da əsəbləşdi və söyüş söydü. Əgər vaxtında ona kibrit vermiş olsaydılar, Oleq də söyüş söyməzdi. Nəzarətçilər gedəndən sonra Oleq yenə söyüş söydü. Məni “poqona işləmək”də ittiham etdi. Ona dedim ki, satqın deyiləm, heç kimə də işləmirəm. Nəzarətçilərin də dövlətin işçiləri olduğunu dedim. Bu zaman Oleq dövləti də söydü, məni də. Mənim yanımda heç kim dövləti söyə bilməz. “Mənim bu dövlətə canım qurban olsun” dedim. Bu vaxt Oleq mənə qarşı şəxsi söyüşlər etməyə başladı. O, anamı söydü. Anam da həmin vaxt yeni rəhmətə getmişdi. Bu mənə pis təsir etdi. Onu yumruqla vurdum. Bu zaman Oleq yaxamdan yapışdı və alnı burnuma dəydi. Onun məni kəllə ilə vurmaq, burnumu sındırmaq məqsədi olduğunu başa düşdüm. Məcbur qalaraq başımı əydim ki, burnumu sındırmasın. Onu fırladaraq yerə çırpdım. Belə etməkdə də məqsədim özümü müdafiə etmək olub. Yerə çırpanda Oleqin başı betona dəydi və qan axdı. Ona dedim ki, başını yu. Amma o, kamerada qoyulan yumşaq stəkanı götürərək üstümə gəldi. Mən də stəkanı ondan aldım və başının alın nahiyəsinə bir, arxa nahiyəsinə iki zərbə vurdum. Bu zaman qapı açıldı və nəzarətçilər içəri keçdilər. Məndən əlimdəki stəkanı yerə atmağı tələb etdilər. Sonra qoluma qandal vurdular və növbətçinin otağına apardılar. Oleqi isə həkim məntəqəsinə apardılar”.
Zahidikəhriz Abbasovun sözlərinə görə, nəzarətçilər daha sonra həbsxana rəisinin müavininə zəng ediblər və hadisə barədə məlumat veriblər: “Məni də, Oleqi də rəis müavininin yanına apardılar. Oleq məndən 150-200 metr qabaqda gedirdi. O, özü sərbəst hərəkət edirdi, sağ-salamat idi. 7 gündən sonra xəstəxanada vəfat etdi. Qəsdən adam öldürmək buna uyğun gəlmir”.
Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs qeyd edib ki, 1994-cü ildə Rusiyada qətl törətdiyi üçün ömürlük cəza alıb. Bir müddət Rusiyada cəza çəkən məhkum sonradan Azərbaycana gətirilib: “2014-cü ildən Qobustan həbsxanasında cəza çəkirəm. Mərhum Oleqlə 4 ildir ki, eyni kameradayıq. Mən Oleqə həm ana, həm də dədə olmuşam. Əvvəllər də Oleqlə mübahisələrimiz olub. Amma onun söyüşlərinin üstündən keçmişəm. Bu dəfə anam rəhmətə getdiyi ərəfədə söyüş söydüyü üçün keçə bilmədim”.
Təqsirləndirilən şəxs deyib ki, cəza çəkdiyi müddətdə bir dəfə nizam-intizam qaydalarını pozduğu üçün “kars”a salınıb, bir dəfə də töhmət alıb. O, xüsusi təyinatlı qüvvələrdə xidmətdə etdiyini, 6 il Qarabağda döyüşdüyünü deyib: “O vaxt da mən əsgər idim. Bu gün də özümü əsgər kimi hiss edirəm”.
Prokurorun suallarına cavab verən təqsirləndirilən şəxs deyib ki, mərhum Oleqin 60-dan çox yaşı olub. Onun sözlərinə görə, Oleq fiziki cəhətdən ondan güclü olub. Prokurorun “siz idmanla məşğul olurduz, həm də siqaret çəkmirdiz, amma mərhum həm siqaret çəkirdi, həm də yaşca sizdən böyük olub. Necə ola bilər ki, o sizdən fiziki cəhətdən güclü ola bilər” sualına təqsirləndirilən şəxs belə cavab verib: “Oleq də idmanla məşğul olurdu. Həm də futbolçu olub. Fiziki cəhətdən məndən güclü olub. Mən idman etsəm də, yarımcanam. Çünki Rusiyada həbsxanada cəza çəkərkən ermənilər məni öldürmək istəyiblər. Bu səbəbdən xəstəxanada müalicə almışam, ağciyərimin yarısını kəsiblər. Buna görə də Oleq məndən güclü olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Oleq izahat verən zaman huşunu itirib və yerə yıxılıb: “Ola bilsin ki, həmin zaman da xəsarət alıb. Onun bədənində aşkarlanan bütün xəsarətləri mən yetirməmişəm”.
Daha sonra hakim təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edib. O, həmin ifadəsində Oleqlə kamerada olan mübahisəsindən, daha sonra ona xəsarət yetirməsindən, həmçinin stəkanla başına 4-5 zərbə vurmasından danışıb.
Zahidikəhriz Abbasov deyib ki, hadisədən sonra onu cərimə kamerasına salıblar. Təqsirləndirilən şəxs istintaqa verdiyi həmin ifadəsini təsdiqləyib.
Hadisənin şahidi olmuş ömürlük məhkum Səmədağa Hənifəyev 1958-ci ildə Hacıqabul rayonunda anadan olub, 1992-ci ildən ömürlük cəza çəkir. Onun sözlərinə görə, Zahidikəhrizi “Zaxa” kimi çağırıblar. Səmədağa Hənifəyev qeyd edib ki, hadisə zamanı yatıb. Bərk yatdığını söyləyən məhkum nəzarətçilər içəri daxil olandan sonra oyandığını deyib. Onun sözlərinə görə, Oleqin döşəmədə uzanmış vəziyyətdə qan içində olduğunu görüb. O bildirib ki, Zahidikəhrizlə Oleqin mübahisələrini eşitməyib.
Səmədağa Hənifəyev deyib ki, Oleq rusdilli olub və tez-tez söyüş işlədib. Amma mehriban olduqlarını deyən məhkum 30 il müddətində cəza çəkdiyi dövrdə kamerada ilk dəfə belə hadisə ilə rastlaşdığını bildirib.Musavat.com