image-2000x150
image-1710693635315881801_1200x630backend

Qlobal Bakı Forumu – səmərəli beynəlxalq platforma ŞƏRH

image-728x90

Martın 14-16-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu baş tutdu. Dünyada qeyri-sabitlik və qarşıdurma ocaqlarının artdığı və Avrasiya miqyaslı geosiyasi dəyişikliklərin baş verdiyi bir zamanda bu Forumun əhəmiyyəti olduqca böyükdür. Qlobal əhəmiyyət kəsb edən beynəlxalq məsələlərin həlli üçün bu gün dünyanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və uzun illər dövlət və hökumət başçıları, xarici işlər nazirləri kimi yüksək vəzifələrdə çalışmış iştirakçılarının təcrübəsinə və biliyinə ehtiyacı var. Sözsüz bu Forum qloballaşan dünyamızda və həm də Cənubi Qafqazda baş verən hadisələrə yeni bir baxış bucağı idi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

O qeyd edib ki, XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Azərbaycan Prezidenti bunu bir daha vurğulayıb. Qlobal Bakı Forumu uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilib. Bu Forum Davosda keçirilən Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacibdir.

Dövlətimizin başçısı Azərbaycanın suverenliyinin tam bərpa olunmasını çox ciddi geosiyasi dəyişiklik adlandırıb.

Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini xatırladan deputat əlavə edib: “Azərbaycan Prezidenti tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, biz beynəlxalq hüququ özümüz bərpa etdik və göstərdik ki, güclü siyasi iradəmiz, potensialımız var: “… güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik”, – deyən Prezident İlham Əliyev bu gün də Azərbaycanın sülh prosesinə sadiqliyini diqqətə çatdırıb və Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etdiyini xatırladıb.

Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib. “İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq”, – deyən Azərbaycan Prezidenti qeyd edib ki, Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmayıb. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.

Cavanşir Feyziyev deyib ki, Prezident İlham Əliyev Bakı Forumunun iştirakçılarını Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi barədə də məlumatlandırıb: “Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu qeyd edib.

Azərbaycanın Avropa İttifaqının üzvləri ilə, eləcə də İslam Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Beləliklə, biz müxtəlif ölkələri bir araya gətirə bilirik və bununla da iqlim dəyişikliyi məsələlərini həll etməyə çalışırıq”.

Deputatın sözlərinə görə, XI Bakı Qlobal Forumu artıq uzun müddətdir ki, dünyada gedən geopolitik proseslərin müzakirə olunduğu ciddi bir beynəlxalq platformaya çevrilib. Budəfəki Forumda 70-ə yaxın ölkədən 350-dən çox qonağın iştirak etməsini də dünyada bu Foruma və Bakıya artan marağın göstəricisi hesab etmək olar. Təhlilçilər də öz çıxışlarında Bakı Forumunu qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün uğurlu siyasi platforma hesab edirlər.

“Bu platforma multilateralizm böhranının aradan qaldırılmasına xidmət edə bilər, xalqlar arasında ünsiyyət yaratmaq, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığın təşviqi baxımından da olduqca əhəmiyyətlidir. Bu Forum Azərbaycan üçün daha böyük əhəmiyyət kəsb edir. Belə ki, sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfələr verən Azərbaycan bu Forum vasitəsilə müasir dünyanın çağırışları qarşısında öz prinsipial mövqeyini beynəlxalq birlik qarşısında sərgiləmək üçün daha bir imkan əldə edir”, – deyən C.Feyziyev fikirlərini yekunlaşdırıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90