“2023-cü ilin üçüncü rübü ərzində mənzillərin dəyəri orta hesabla 2,8 faiz, ötən ilin üçüncü rübü ilə müqayisədə isə 10,1 faiz artıb. Bahalaşma həm ilkin, həm də təkrar mənzil bazarında baş verib. Son bir ildə təkrar mənzil bazarında qiymətlər 10 faiz, ilkin mənzil bazarında isə 8 faiz artıb. Hazırda da əmlak bazarında qiymətlər bahalaşmaqda davam edir. Paytaxtda ortalama qiymət olaraq təmirsiz mənzillərin qiyməti bir kvadrata görə 1500-4000 manat arası, təmirli mənzillərdə isə 2000-4000 manat arası dəyişir”.
Bunu Bakupost.az -a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, hazırda şəhərin mərkəzi hissələrində qiymətlər çox bahalaşdığından əsas tələbat qiymətləri ucuz olan Abşeron və Xırdalan ərazisindəki mənzillərədir. Həmin ərazilərə tələbatın artması da getdikcə ordakı mənzillərin qiymətlərinin bahalaşmasına səbəb olur. Digər tərəfdən, Bakı, Sumqayıt, Xırdalan kimi ərazilərdə çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin azalması mənzil qiymətlərini yüksəldir:
“Hazırda həm mərkəzdə, həm də Bakı ətrafı ərazilərdə torpaq sahələri fantastik qiymətə təklif olunur. Bu qiymətə torpaq sahəsi alıb çoxmənzilli bina inşa etdirmək tikinti şirkətinə sərf etmir. Bu səbəbdən də tikinti şirkətləri daha çox pilot layihələrə müraciət edirlər. Bəzi tikinti şirkətləri qəzalı binaları alıb yerində yeni çoxmənzilli bina tikirlər. Belə binaların söküntüsündə sənədləşmələr də rahatdır. Çünki bunun özü dövlət layihəsidir. Bir sözlə, mənzillərin bahalaşmasının əsas səbəbi tikintiyə yararlı torpaqların qiymətinin baha olmasıdır”.
Ekspert qeyd edib ki, əvvəlki dövrlərə nisbətən hazırda bazarda alıcı qıtlığı yaşanır:
“Alıcılar bir müddət əvvəl evləri əsasən, ipoteka ilə alırdılar. Qiymətlər indi elə həddə bahalaşıb ki, artıq ipoteka ilə də mənzil almaq əlverişli deyil, sərf etmir”.