“Sentyabrın 1-nə təyin edilmiş parlament seçkilərinin yüksək təşkilatçılıq, demokratik dəyərlərə ehtiramla keçiriləcəyini düşünürəm. Ölkənin siyasi həyatında bu seçklilərin mühüm əhəmiyyəti var”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev bildirib.
O qeyd edib ki, seçkiöncəsi mühit, namizədlərin təşviqat kampaniyası üçün yaradılan şərait yüksək səviyyədədir:
“Bu seçkinin özəlliyi həm də odur ki, 30 ilə yaxın müddətdə işğal altında qalan Vətən torpaqlarımız indi azadlıqdadır və indiki seçkilər həmin torpaqlarda da keçiriləcək. Vaxtılə doğma torpaqlarından zorla deportasiya olunan soydaşlarımız bu gün öz yurdlarına qayıdırlar. Həmin soydaşlarımız orada, öz doğma el-obalarında səsvermədə iştirak edəcək, istədikləri namizədə səs verəcəklər. Bu, tarixi bir hadisədir, qürurverici anlardır”.
Ramil Əliyev bildirib ki, Azərbaycanın demokratik seçki ənənəsinin olması indi özünü daha aydın şəkildə büruzə verir: “Müşahidə apardığımız bütün seçkilərdə bu mənzərənin şahidi olmuşam. Milli Məclisə növbədənkənar seçkilərin şəffaflıq mühitində keçiriləcəyinə inanıram”.