Qərbi Azərbaycan məsələsi təkcə Azərbaycanın deyil, bütün dünya azərbaycanlılarının ortaq dərdi və milli yaddaşının ayrılmaz hissəsidir. Bu məsələ, Azərbaycanın hüdudlarından kənarda da, xüsusilə Özbəkistanda yaşayan soydaşlarımız tərəfindən diqqətlə izlənilir və dəstəklənir.
1985-ci ildə valideynlərimlə birlikdə gəribi azərbayçandan , Göyçə mahalinin Zod kəndindən Azərbaycana, Göygol şəhərinə köçdükdən sonra, 1989-cu ildən etibarən Özbəkistanda yaşayıram. Hazırda Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri olaraq, Qərbi Azərbaycan məsələsinin Özbəkistan ictimaiyyətinə çatdırılması və bu sahədə maarifləndirmə işlərinin aparılması üçün əlimizdən gələni edirik.
Özbəkistanda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlari , Qərbi Azərbaycanla bağlı həqiqətlərin yayılması, tarixi ədalətin bərpası və soydaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlər arasında konfranslar, seminarlar, mədəniyyət günləri və digər maarifləndirici fəaliyyətlər yer alır.
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çıxışları və irəli sürdüyü prinsipial mövqe, Özbəkistanda da böyük maraqla qarşılanır və geniş şəkildə izlənilir. Bu, bizim üçün həm ruhlandırıcı, həm də istiqamətverici bir amildir.
Özbəkistanın müxtəlif şəhərlərində keçirilən tədbirlərdə, Qərbi Azərbaycan məsələsinin tarixi və hüquqi aspektləri, soydaşlarımızın üzləşdiyi çətinliklər və onların doğma torpaqlarına qayıdış hüququ müzakirə olunur. Bu tədbirlər, həm də iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Özbəkistanda yaşayan azərbaycanlılar arasında çoxsaylı ailələr əslen Qərbi Azərbaycandandır. Bu ailələrin əksəriyyəti ötən əsrin müxtəlif mərhələlərində — xüsusilə də zorakı deportasiyalar və etnik təzyiqlər nəticəsində öz doğma yurdlarından köçməyə məcbur olublar. Onların bir qismi məhz Özbəkistanda yeni həyat qurub, cəmiyyətin fəal üzvünə çevriliblər.
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin nəzdində Arif Neftəliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Qərbi azərbaycanlılar icması, bu soydaşlarımızın təşkilatlanması, bir araya gəlməsi və mədəni-mənəvi dəyərlərinin qorunması üçün mühüm platformadır. İcma təkcə tarix və yaddaşın yaşadılması ilə kifayətlənmir, eyni zamanda Qərbi Azərbaycanla bağlı həqiqətlərin Özbəkistan ictimaiyyətinə çatdırılması istiqamətində də maarifləndirici və mədəni tədbirlər təşkil edir.
Bu fəaliyyətlər sayəsində həm soydaşlarımız arasında birlik güclənir, həm də Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə daha geniş tanıdılır.
Qərbi Azərbaycan məsələsi, yalnız bir bölgənin deyil, bütün azərbaycanlıların milli məsələsidir. Bu məsələnin beynəlxalq səviyyədə tanıdılması və həll olunması üçün diaspor təşkilatları olaraq, fəaliyyətimizi davam etdirəcəyik.
Mobil Məmmədov
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri
Daşkənd, Özbəkistan