Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Akademik Milli Dram Teatrının Musiqi hissə müdiri, musiqişünas, Üzeyirbəyşünas, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Səadət xanım Qarabağlı ilə görüşüb Milli Məclisdə baş tutan görüşdə tanınmış ziyalının yaradıcılıq uğurları və planları ilə tanış olan, onunla ətraflı fikir mübadiləsi aparan Komitə sədri, onu yubileyi, habelə 31 dekabr – Dünya Azərbaycanlılarının həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib, yeni uğurlar diləyib. S.Qarabağlı öz kitablarını Komitə sədri üçün imzalayıb.
Q.Paşayeva S.Qarabağlıya xatirə hədiyyəsi təqdim edib. Komitə sədri Q.Paşayevanın S.Qarabağlının 65 illik yubileyi münasibəti ilə ona Mədəniyyət Komitəsi adından təqdim etdiyi Təbrik məktubunda deyilir:
“Hörmətli Səadət xanım, Sizi 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm! Siz vaxtilə Musiqi Texnikumunun Fortepiano fakültəsini (fərqlənmə diplomu ilə) və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirmisiz. 1979-cu ilin sentyabr ayından Üzeyir bəy Hacıbəylinin Ev-muzeyində fonoteka müdiri kimi əmək fəaliyyətinə başlamış, sonra orada bələdçi, kiçik elmi işçi, böyük elmi işçi, ekskursiya və kütləvi işlər şöbəsinin müdiri, elmi katib və muzeyin direktoru vəzifələrində işləmisiz.
GünAz TV-də “Azərbaycan musiqi mədəniyyəti tarixi” proqramının müəllifi və aparıcısı olmusuz. Hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Musiqi hissə müdiri vəzifəsində çalışırsız. Jurnalistlik fəaliyyətinə 1978-ci ildən başlamısız. Üzeyirbəyşünas kimi ilk məqaləniz 1980-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilib. Bundan sonra respublikamızın aparıcı KİV-lərində Üzeyir bəy Hacıbəylinin həyatı, yaradıcılığı və b. mövzularda ardıcıl olaraq çıxış etmisiz. Ölkəmizdə, eləcə də xaricdə keçirilən konfranslarda Üzeyir bəy Hacıbəylinin həyat və fəaliyyəti ilə bağlı məruzələriniz, çıxışlarınız maraqla qarşılanıb. Dahi bəstəkarın yaradıcılıq irsinin nəşrində və təbliğində xidmətləriniz böyükdür. 1996-cı ildə dahi bəstəkarla bağlı “Azərbaycan” nəşriyyatında gün üzü görmüş ensiklopediyanın həmmüəlliflisiz. Üzeyir bəy Hacıbəylinin “Arazbarı” simfonik əsərini, “Aşıqsayağı” triosunu siz nəşr etdirmisiz. Sizi bütün yaradıcılıq uğurlarınız və yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”!