Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Goranboy rayonundan olan Vətən müharibəsi şəhidləri – gizir Vüsal Əmirastan oğlu Nağıyevin (05.03.1990, Buzluq k. – 30.10.2020, Murovdağ, Kəlbəcər) anası Cəmilə Nağıyeva, MAXE əsgər Fariz Məhəmməd oğlu Qurbanovun (28.06.1998, Qızılhacılı k. – 27.09.2020, Suqovuşan, Tərtər) anası Lətafət Qurbanova, əsgər Hidi Bəxtiyar oğlu Vəliyevin (02.03.1994, Tap Qaraqoyunlu k. – 27.09.2020, Suqovuşan, Tərtər) anası Sənubər Teymurova ilə görüşüb. Bakıdakı “Gözəl Yaşam Mərkəzi”ndə baş tutan görüşdə şəhid ailələrinin ürək sözləri dinlənilib, qayğıları öyrənilib.
Qənirə Paşayeva Azərbaycan Respublikası ali rəhbərliyinin şəhid ailələrinə, yaralı qazilərə, ümumən müharibə iştirakçılarına yüksək diqqət-qayğısından, həssas münasibətindən bəhs edərək, bu həssaslığın hər bir Millət vəkili, dövlət qulluqçusu, ziyalı, vətəndaş cəmiyyəti fəalları üçün də örnək olduğunu deyib.
Komitə sədri şəhid ailələri ilə hər görüşün onun üçün doğma, əziz görüş olduğunu, bu dəfəki görüşün ikiqat anlamlı olduğunu vurğulayıb: “Çünki biz 20 Yanvar – Ümumxalq Hüzn günündə görüşürük.
Qanlı Yanvardan 33 il keçir. 90-cı illərdə doğulan Vətən övladları evdə, məktəbdə 20 Yanvarı öyrəndi, o illərdə yalınəllə qəsbkarlara qarşı dirənən böyüklərinin həyatını, qəhrəmanlığını əxz etdi. Yeniyetmə və gənclərimiz vətəncanlılıq ruhunda böyüdü, yadellilərə, işğalçılara qarşı çıxmaq əzmi, mübarizlik ruhu aşılandı onlara. Son 3 ildə isə Şəhidlər Xiyabanını ziyarətimiz yeni məzmun qazanıb. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Qarabağın simvol şəhəri əziz Şuşanın azad olunduğunu məhz Şəhidlər Xiyabanından xalqa duyurdu! Bəli, böyük fəxarət və qürur hissi ilə bir daha bildiririk ki, Şuşa şəhərinin işğaldan azad edilməsi bütün şəhidlərimizin ruhunu şad etdi! Biz bütün dövrlərdəki şəhidlərimizin əziz ruhu qarşısında baş əyirik! Ulu Tanrıya çox şükür, şəhidlərimizin qanı yerdə qalmayıb! 44 günlük müharibədəki tarixi Zəfərimiz, Zəfərdən sonra Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işləri, erməni vandalizminin yerinə Azərbaycan mədəniyyətinin o torpaqlara qayıtması ölkəmizin bütün vətəndaşlarının, Dünya Azərbaycanlılarının, Türk dünyasının, eləcə də, tərəqqipərvər insanlığın fərəhi, qüruru dəyərindədir. Sizin şəhid oğullarınız məhz haqq işi uğrunda, ədalət uğrunda əlinə silah alıb, haqqın-ədalətin bərpasına xidmət edib. Ruhları şad olsun”! MM-in Komitə sədri şəhid analarını dinləyib, onları maraqlandıran məsələlərlə bağlı yerindəcə aidiyyatı qurumlar və şəxslərlə telefon əlaqəsi saxlayıb.
Görüşdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, həkim-oftolmoloq Aygül Kərimzadə, “Yanardağ Xalça Evi”nin koordinatoru Məhbubə İmanova, “SARA XATUN – Mədəni Maarifçilik” İB sədri, Pərvanə Mustafayeva, “UMAY – Türk Dünyası Qadınlarına Dəstək” İB sədri Vəsilə Abulova, Azərbaycan Beynəlxalq İşadamları Klubu”nun sədri Gülpəri Bayramova və “Etikxeber.Az” saytının baş redaktoru Kamil Həmzəoğlu iştirak edib.