MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Biləcik Şeyx Ədəbalı Universitetinin rektoru Prof. Dr. Şükrü Bəydəmir ilə görüşüb. Görüşdə bir sıra qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, işbirliyini gücləndirmək üçün yeni təşəbbüslər irəli sürülüb.
Bakıda keçirdiyi görüşlər, o cümlədən tələbələr və onların valideynləri ilə görüş barədə Komitə sədrinə məlumat verən rektor, təhsil əlaqələrinin önəminə vurğu edib.
Rektor Prof. Dr. Ş.Bəydəmir Q.Paşayevanın qardaş ölkələrimiz arasında mədəni, eləcə də universitetlərarası əlaqələrin qurulması və gücləndirilməsi işinə töhfələrini qeyd edib.
Biləcik Şeyx Ədəbalı Universitetinin rektoru Prof. Dr. Ş.Bəydəmirlə görüş və aparılan müzakirələrdən məmnunluğunu bildirən Komitə sədri, hər bir əməli çalışma sahəsində işbirliyimizin güclənməsinin dövlətlərimizin, xalqlarımızın maraqlarına cavab verdiyini söyləyib.
Şeyx Ədəbalının öyüdlərini minnətdarlıqla xatırladan Q.Paşayeva, Türkiyə-Azərbaycan qardaşlığının hazırkı yüksək səviyyəsinin əcdadımızın ruhunu şad etdiyini deyib. İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq-qardaşlığının hər bir Türk dünyası aydını üçün gözəl örnək olduğunu bildirib.
Q.Paşayeva Biləcikdə təhsil alan tələbələri və təhsil almaq istəyən məzunları çox şanslı gənclər adlandırıb, rektorun onlara yaratdığı münbit ortam üçün təşəkkür edib.