image-2000x150
image-1687600330_cavansir_feyziyevbackend

Qazaxıstan və Azərbaycan: Orta Dəhlizin qoşa dayağı – Millət vəkili yazır

image-728x90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 aprel 2023-cü il tarixdə Qazaxıstana səfəri çərçivəsində keçirilən mətbuat konfransında olduqca önəmli fikirlər səsləndirmişdi: “Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı “Qarşılıqlı əlaqələrin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Müttəfiqlik Bəyannaməsi” imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərimizin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir. Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir… Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirməyi diktə edir… Beləliklə, ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir.” Dövlət başçımızın vurğuladığı “Bəyannamə” Azərbaycanın Türkiyədən sonra daha bir türk dövləti ilə bağladığı ikinci Müttəfiqlik Bəyannaməsi idi.
Bakı da Qazaxıstanın dövlət başçısı üçün “doğma liman”dır. Prezident Kasım-Jomart Tokayevin hələ 24 avqust 2022-ci ildə Azərbaycana səfəri zamanı müzakirə olunan məsələlər sırasında mümkün alternativlərdən biri kimi Bakı limanları vasitəsilə yükdaşımaların həyata keçirilməsi müzakirə olunmuşdu. Orta Dəhliz layihəsinin daha səmərəli fəaliyyət göstərməsi üçün hər iki ölkədə dəniz, hava və quru yol daşımaları üçün müasir infrastrukturun yaradılmasının vacibliyi vurğulanmışdı.
Artıq 30 ildən çox davam edən müstəqillik illəri ərzində Qazaxıstan – Azərbaycan münasibətləri hərtərəfli inkişaf yolu keçib. Bu iki türk dövləti bütün beynəlxalq platformlarda bir-birinin mövqeyini fəal surətdə dəstəkləyib və qarşılıqlı şəkildə bir-birinin müstəqilliyinin möhkəmlənməsinə əməli dəstək nümayiş etdiriblər. Qazaxıstan Rusiyanın hərbi kampaniyalarını dəstəkləməkdən imtina etsə də, Ermənistan-Azərbaycan müharibəsində Azərbaycanın maraqlarını müdafiə etməkdən çəkinməyib. Azərbaycan Ordusu Qazaxıstanın KTMT-dəki müttəfiqi Ermənistanı Qarabağda məğlub etsə də, bu, Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinin “ərazi bütövlüyünü bərpa etməsi” münasibətilə təbrik etməsinə mane olmadı. Ermənistan-Azərbaycan müharibəsindən az sonra 18 dekabr 2020-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB Dövlət Başçıları Şurasının iclasında mehriban qonşuluq münasibətlərini qorumağa çağırış etdiyi çıxışında ölkəsinin Rusiya və Ermənistanla fikir ayrılığında olduğuna eyham vuraraq bəyan etmişdi ki, “bəli, biz iqtisadi potensialımız, tarixi dünyagörüşümüz baxımından bir-birimizdən fərqlənirik və hətta Dağlıq Qarabağ münaqişəsinin göstərdiyi kimi, geopolitik dünyagörüşümüz də fərqli ola bilər.” Prezident Tokayevin bu yanaşması geopolitikanın geosivilizasiya ilə harmoniya yaratdığı ən optimal bir məqamdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Belarus Prezidenti Aleksandr Lukaşenkonun nüvə silahına sahib olmaq üçün Qazaxıstanın Rusiya və Belarus İttifaqına qoşulması təklifini isə “zarafat” adlandırmışdı. Bir çox hallarda ciddi siyasətçilərin kiçik eyhamları belə onların hadisələrə dəqiq münasibətinin təzahürü olur. K-J.Tokayevin bu refleksiyasını da, əslində, tarixin təkərini geri döndərmək istəyənlərə istehzası kimi başa düşmək olar.
11 mart 2024-cü ildə Prezident Jomard- Kasım Tokayevin Azərbaycana rəsmi səfəri bir daha Azərbaycan – Qazaxıstan əlaqələrinin sıx müttəfiqlik və xalqlarımız arasında qardaşlıq münasibətlərinə əsaslandığını göstərdi. Dövlət başçılarımızn qarşılıqlı səfərlərinin xronologiyası dövlətlərimiz arasındakı münasibətlərin dinamizmin göstəricisi sayıla bilər. Belə ki, 2022-2023-cü illər ərzində Azərbaycan Prezidenti 4 dəfə Qazaxıstana, Qazaxıstan Prezidenti isə 3 dəfə Azərbaycana səfər ediblər. Qazaxıstan Prezidentinin 11 mart 2024-cü il səfəri çərçivəsində 10 dövlətlərarası sənəd imzalanıb. Bu sənədlər enerji, nəqliyyat və yükdaşımalar, rəqəmsal inkişaf, elm, təhsil və səhiyyə, qarşılıqlı sərmayələrin qoyuluşu və s. sahələrdə qarşılıqlı əməkdaşlığın tənzimlənməsini və daha da gücləndirilməsini nəzərdə tutur. Hər iki ölkənin son illər ərzində böyük sərmayələr yatırdığı Trans Xəzər Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların artırılması, regional sülhün təmin edilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlər də səfər zamanı müzakirə olunan əsas məsəslələr sırasında olub. Prezidentlər TDT çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsini qarşıda duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirib, bu təşkilatın doğma ölkələri birləşdirdiyini və böyük inkişaf potensialına malik olduğunu vurğulayıblar. Qazaxıstan və Azərbaycan Şərqlə Qərb arasında münasibətlərin bütün aspektlərinə mühüm təsir göstərən Orta Dəhliz konsepsiyasının ən vacib seqmentləri kimi Avrasiyada gedən ciddi geosiyasi transformasiya proseslərinin mərkəzində dayanırlar.
Dövlət başçıları işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan dövləti tərəfindən tikilmiş Qurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın bu dəstək addımını xalqlarımız arasında dostluğun və qardaşlığın rəmzi adlandırıb. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyinə və Qarabağın işğaldan azad edilməsində ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstəyə və eləcə də həmin ərazilərdə bərpa-quruculuq işlərinə göstərdiyi dəstəyə görə Qazaxıstan dövlətinə və xalqına minnətdarlıq ifadə edib.
Bəzi siyasi təhliçilər iddia edirlər ki, bu gün Mərkəzi Asiya “Rusiya ayısı ilə Çin əjdahası arasında qalıb” (10). Ancaq mövcud geosiyasi vəziyyət bir qədər fərqlidir. Belə ki, getdikcə daha aydın və dolğun ölçülər alan Mərkəzi Asiya geopolitikası bu məkanın Türk sivilizasiyası bətnindən doğulmuş müasir dövlətlərinin – Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın daxili inteqrasiyasını başa çatdırmaq üzrədir. Bütövlükdə Mərkəzi Asiya türk dövlətlərinin Xəzərdən qərbə doğru daha iki türk dövləti – Azərbaycan və Türkiyə ilə münasibətləri isə tarixdə indiyədək olmadığı qədər səmimi və yaxındır. Mərkəzi Asiya – Qafqaz – Qərbi Asiya türk dövlətləri indi sadəcə olaraq deklarativ şəkildə bir-birini dəstəkləmirlər, onlar vahid siyasi platformada birləşmənin konstruktiv əsaslarını yaradırlar. Qazaxıstan da Mərkəzi Asiyada elə bir siyasət yürüdür ki, regionun türk dövlətləri arasında münasibətlərini zədələyə biləcək hansısa “təhlükəli element” müttəfiqləşmə prosesinin qarşısını ala bilməsin. Neoimperializm düşüncəsi ilə hərəkət edən, stereotip qəliblərlə düşünən bir çox geopolitiklər “Böyük Oyunun” qızğın çağında (1904) Halford Makkinderin irəli sürdüyü nəzəriyyəni hələ də az qala müqəddəs ayə kimi təkrar edirlər: “İçtorpağı (yəni Mərkəzi Asiyanı) idarə edən Dünya adasına (yəni Avrasiyaya) hökm edir; Dünya adasını idarə edən bütün Dünyaya hökm edir”. Ancaq onlar unudurlar ki, indi Mərkəzi Asiya “Britaniya şiri”, “Rusiya ayısı” və “Çin əjdahası” arasında qalan, feodal dağınıqlığı içərisində bir-birindən qopub-səpələnən çarəsiz toplumların torpağı deyil. Bu günkü Mərkəzi Asiya milli özünüdərk səviyyəsinə yüksəlmiş intellektual cəmiyyətlərin qurduğu suveren respublikaların inteqral geopolitik məkanı – Türkistandır. Qərb, Rusiya, Çin və s. dövlətlərlə tərəfdaşlıq əlaqələrindən fərqli olaraq, Qazaxıstan Respublikasının eyni siyasi taleyi bölüşən Mərkəzi Asiya respublikaları ilə münasibətləri türk sivilizasiyasının beşiyində böyümüş doğma xalqlarla müttəfiqliyin ən yüksək səviyyəsində qurulmaqdadır. Mövcud siyasi reallıqların həssas nöqtələrini və incəliklərini nəzərə alan Qazaxıstan Respublikası qardaş Özbəkistan, Türkmənistan və Qırğızıstanla münasibətlərini bütün perspektiv istiqamətlər üzrə inkişaf etdirir. Türk dünyası üçün milli maraqların, universal tarixi və geopolitik dünyagörüşlərinin qovuşduğu, bir vəhdət təşkil etdiyi effektli fəaliyyət sferası isə türk dövlətlərinin müştərək siyasəti və bu siyasətin funksional institutu olan Türk Dövlətləri Təşkilatıdır.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90