Qazax şəhərində həyata keçirilən iri maliyyəli layihələrin qalibləri yenə də nizamnamə kapitalı cəmi 10 manat olan şirkətlər olub.
32gun.az xəbər verir ki, bu dəfə Qazax Rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən “AZSUR GROUP” MMC-yə şəhərdə abadlıq işlərinin aparılması üçün 677.368,18 manatlıq müqavilə verilib.
Şirkətin qanuni təmsilçisi Rəşad İmanlı Yasəf oğludur, hüquqi ünvanı isə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 21F, mənzil 21F olaraq qeyd olunub. Maraqlıdır ki, bu şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.
Qeyd edək ki, bu, sözügedən nümayəndəliyin 10 manatlıq şirkətlə ilk işi deyil. Daha əvvəl, “GRAVITY LTD” MMC ilə Qazax şəhərində küçələrin, parkların və fasadların işıqlanması üçün elektrik materiallarının alınması məqsədilə 4.444.747 manatlıq müqavilə bağlanıb.
Bu müqavilənin icrasına 01.05.2025 tarixindən başlanılıb. “GRAVITY LTD” MMC-nin də nizamnamə kapitalı cəmi 10 manat olub, qanuni təmsilçisi isə Aqil Kərimov Rafiq oğludur.
Bu müqavilələrə imza atan qurumun rəhbəri Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Akif Vəliyev Sozalı oğludur.
Xatırladaq ki, Akif Vəliyev toy məclislərindən birində foyedə yuxuya getməsi ilə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.
Onun oğlu Elvin Vəliyev hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Qazax-Tovuz Regional filialının rəhbəri vəzifəsini tutur.
Rəsmi sənədlərə əsasən, hər iki şirkətin cəmi kapitalının 20 manat olduğu halda milyonlarla manatlıq dövlət layihələrini udması ictimaiyyət arasında suallar doğurur.
Xatırladaq ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur.