image-rt-reklam
image-img-20240712-wa0035backend

Qarşılıqlı etimad üzərində qurulan Azərbaycan-Pakistan əlaqələri

image-728x90

Tarixi Zəfərimizdən sonrakı dövrün reallıqları Azərbaycanın bütün sahələrdə, xüsusilə  xarici siyasətdə yeniliklərə imza atdığını təsdiqləyir. Bu, özünü həm ikitərəfli əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsində, həm də beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmlənməsində özünün aydın ifadəsini tapır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizin yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu daim artırmasına stimul verir. Belə ki, Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə ikitərəfli əlaqələri onu qitələrarası qovşağa çevirir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.

Dövlət başçısı İlham Əliyevin iyulun 11-də Pakistana dövlət səfəri iki dost, qardaş ölkənin münasibətlərinin dünəni və bu günü əsasında yeni prioritetlərin müəyyənləşdirilməsinə geniş imkanlar açacaq. Tarixi Zəfərimiz Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan dostluğunun, qardaşlığının sarsılmazlığının  təqdimatı oldu. Hər iki qardaş ölkə  müharibə başlanan andan Azərbaycana  siyasi və mənəvi dəstəyini əsirgəmədi. Təbii ki, bu dəstək ölkəmizə böyük güc verdi. Xalqımız bu dəstəyin yaratdığı sevinc və qürur hissini  üç qardaş ölkənin  bayraqlarını birgə dalğalandırmaqla nümayiş etdirdilər.
Pakistan və Türkiyənin ölkəmizə dəstəyi yalnız  44 günlük İkinci Qarabağ müharibəsi ilə bağlı deyil. 30 illik işğal dövründə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən haqlı mövqeyi hər iki dost ölkə tərəfindən ən yüksək tribunalardan bəyan edilib və müdafiə olunub.  Bu fakt da hər kəsə məlumdur ki, Pakistan Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. 1993-cü ildə  BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 saylı  qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.
Dövlət başçısı İlham Əliyev  Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşündə   bu məqamlara bir daha diqqəti yönəldərək bildirdi ki, tərəfdaşlığımızın təməlini bizim qardaşlığımız, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir. Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq. Əlbəttə,  2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi. Azərbaycanın  Cəmmu və Kəşmirlə bağlı mövqeyi məlumdur.  İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik. Beləliklə, haqq, ədalət, beynəlxalq hüquq Pakistanın  tərəfindədir. Azərbaycan öz mövqeyini birmənalı şəkildə ifadə edən və öz mövqeyini müdafiə edən ölkələrdən biridir.
Prezident İlham Əliyevin iyulun 11-12-sini əhatə edən  dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir.  Hər bir səfərin əhəmiyyətini nümayiş etdirən mühüm məqamlardan biri də əməkdaşlığın müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanmasıdır. Dövlətimizin başçısının bu səfəri çərçivəsində 10-dan artıq   sənəd imzalandı. Ümumilikdə indiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır.
Dövlət başçısı İlham Əliyevin Pakistana sözügedən səfərinin yekunu olaraq mətbuata bəyanatında bildirdi ki, hər zaman əməkdaşlıq etmişik. Hazırda  ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar  planlarımızdır və bütün planlarımız icra olunacaq.
Beləliklə, qarşılıqlı etimad və səmimiyyət üzərində qurulan Azərbaycan-Pakistan əlaqələri yeni inkişaf dövrünü yaşayır.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90